Hazırda dünyada müxtəlif növ ərzaq və yeyinti məhsullarının qiymətlərində sürətli bahalaşma müşahidə olunur. Bahalaşma dalğası tütün məmulatlarından da yan keçmir. Azərbaycanda da əhalinin tütün məmulatlarına, xüsusilə siqaretə olan böyük tələbatını nəzərə alsaq, görərik ki, hər dəfə bu məhsulun qiymətlərində baş verən dəyişikliklər istifadəçilərin əlavə pul xərcləməsi ilə nəticələnir. Son zamanlar siqaretin qiymətinin tez-tez, xüsusilə ictimaiyyətə xəbərdarlıq edilmədən artırılması narazılıqlara səbəb olub. Siqaret qiymətlərinin günbəgün artmasının səbəbləri ilə bağlı
Missiya.Az-a danışan millət vəkili Rüfət Quliyev bildirib ki, qiymətlər siqaret çəkənlərin sayını azaltmaq, insan orqanizminə vurduğu zərərlərin qarşısını almaq, eyni zamanda əldə olunan vəsaitin bir hissəsinin bu zərərlərin törətdiyi xəstəliklərlə mübarizədə istifadə olunması məqsədilə bahalaşdırılır.
Tütün məmulatlarından istifadənin ümumbəşəri problem olduğunu qeyd edən millət vəkili, qiymətlərdə müşahidə olunan artımın digər səbəbinin hazırda mövcud olan qlobal vəziyyətlə bağlı olduğunu deyib:
“Bu artımın digər səbəbi də siqaret istehsalında istifadə olunan xammalın, logistik xidmətlərin qiymətinin getdikcə artmasıdır. 27 komponentdən ibarət olan siqaretin hər bir elementi müxtəlif ölkələrdə istehsal olunur. Bizim ölkəmizdə istehsal edilən siqaretlərin də əksəriyyətinin xammalı Rusiya, Ukrayna və Avropanın digər ölkələrindən gəlir. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri siqaretin xammalının gətirilməsində yaşanan problemlər bahalaşmada mühüm rol oynayır. İstər pandemiya, istərsə də postpandemiya dövründə bu xammalı ölkəyə gətirən logistik şirkətlərin tariflərinin 50-70% bahalaşması da ümumi qiymət artımına təsir edən əsas amillərdəndir”. Millət vəkili qiymətlərin süni artırılması və bu sahədə monopoliyanın olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Azərbaycanda qiymət artımını monopoliya ilə əlaqələndirmək düzgün olmazdı. Ölkədə siqaret qiymətləri dünyada əsas siqaret istehsalçıları olan “Philip Morris”, “Japan Tobacco İnternational”, “Marlboro” və.s kimi nəhəng şirkətlərin qoyduğu bazar qiymətləri əsasında formalaşır. Adıçəkilən şirkətlər siqaret istehsalında istifadə olunan kompanentlərin qiymətlərini artırdığı zaman Azərbaycanda da tütün məmulatlarının qiymətlərində yüksəlişlər yaşanır”. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 31.6 faizi, yəni təxminən hər üç kişidən biri siqaret çəkir. Ən yüksək göstərici isə 45-64 yaş arası kişilərdədir. Bu yaş qrupundakı kişilərin demək olar ki, yarısı siqaret istifadəçisidir. 20-44 yaş arasındakı kişilərin 26%-i, 65 yaşdan yuxarı kişilərinsə 33%-i siqaret çəkir. Ölkədə hər il 11 milyard ədədə yaxın siqaret çəkilir. Bu həcmin böyük hissəsi yerli müəssisələr tərəfindən istehsal olunur. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 14 milyard 351 milyon ədəd siqaret istehsal edilib. Bu siqaretlərin 316 milyon ədədi ixrac edilib.
Xatırladaq ki, bu il mart ayının 28-də Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Qərara əsasən, istehsal məqsədli çəkməli tütün gələn ilin sonuna qədər spesifik idxal rüsumlarının tətbiqindən azad edilib. Qərar daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub saxlanılması məqsədilə hazırlanıb.
Teymur Aslanov
Missiya.Az