“Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmləndiyini deyib: “Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.
Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.