AZ   |   RU
ATƏT-in TURİST Qrupunun iştahı – Nəyi müzakirə etməliyik?


II Qarabağ müharibəsi zamanı üzə çıxmayan, fəaliyyəti əsasən statistik turist səfərləri ilə məhdudlaşan ATƏT-in Minsk Qrupu yazın gəlişi ilə əlaqədar qış yuxusundan oyanaraq mənasız bir bəyanatla çıxış edib. 

Bəyanata imza atanlar, ölkələrində heç bir nüfüza sahib olmayan, “məşğul olduqları” məsələnin mahiyyətini dərk etməyən, diplomatiyadan daha çox müftəxorluqla məşğul olan Rusiya nümayəndəsi İqor Popov, Fransa nümayəndəsi Stefan Viskonti və ABŞ nümayəndəsi Endryu Şoferdir.  Bu adamlar Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunmasını, olmayan münaqişənin nizamlanması işinin davam etdirilməsini təklif ediblər. Digər iki həmsədri hələlik qoyaq bir kənara, maraqlıdır rusiyalı qrup nümayəndəsi sənədə imza atarkən təsadüfən yüksək dərəcə altında olmayıb ki? Onun imzası belə deməyə əsasə verir ki, təmsil etdiyi ölkənin Qarabağda sülhməramlı qüvvələr göndərməsindən xəbəri yoxdur... Rusiya Xarici İşlər Nazirliyində də bunu bilmirlər? Cənab Lavrov niyə öz əməkdaşına bölgədədəki yeni reallıqlar barədə məlumat verməyib? Məsələn qısaca izah edə bilərdi ki, sülhməramlıları Qarabağa nə vaxt və niyə göndəriblər. Yox, izah olunubsa, “Dağlıq Qarabağ münaqişəsi” adlı konfliktin artıq mövcud olmadığını bildiyi halda sənədə imza atıbsa, deməli adamın başında problemlər var. Olmayan bir şeydən danışmaq, tarixə qovuşmuş problemi müzakirə etmək istəyir...

 

Gələk Fransalı həmsədrə. Bu adamın və təmsil etdiyi dövlətin ATƏT-in Minsk Qrupunda nə işi var axı? Azərbaycan cəmiyyətində Fransaya etimad və inam yoxdur. Bu dövlət ATƏT-in Minsk Qrupunun həmsədri kimi prinsiplərə və şərtlərə xəyanət edib, birmənalı şəkildə ermənipərəst mövqe sərgiləyib. II Qarabağ Müharibəsi zamanı göstərdiyi qanacaqsızlığı da unutmamışıq. Bir sözlə, Fransanın prosesdə iştirakı bizim üçün arzulanmazdır və yaxşı olar ki, rəsmi Paris mövcud olmayan münaqişə ilə bağlı hansısa müzakirələr açmağa həvəslənməsin. İndiki halda Fransa ancaq öz reputasiyasının qayğısına qalmalıdır. 

 

ABŞ-dan olan həmsədrə gəldikdə, deyəsən o turist Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın açıqlamalarından xeyli cuşa gəlib. Hoqlandın açıqlamasını xatırlayaq: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş görülürdü və s”.

 Görünüdüyü kimi, keçmiş həmsədrlərdən birinin etiraf etdiyi kimi, ATƏT-in Minsk Qrupunun “fəaliyyəti” yalnız beşulduzlu otellərin lüks nömrələrində qalmaqdan, ən yaxşı restoranlarda yeməkdən ibarət olub.  Görünür, amerikalı hazırkı həmsədr lüks həyatdan doymayıb və sözügedən bəyanata da elə dişinin dibindəki şirənin təsiri altında imza atıb. Ümumiyyətlə, belə anlaşılır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın əldə etdiyi qələbəni həzm edə bilmir, münaqişənin artıq mövcud olmaması reallığını qəbul etmək istəmirlər. Amma bu da uzun çəkə bilməz. Faktı qəbul etməli, Azərbaycanın yaratdığı yeni həqiqətlərə boyun əyməlidirlər. 

 

İndi keçək əsasə məsələyə, daha doğrusu əsas suala. ATƏT-in Minsk Qrupu niyə üç ölkənin - Rusiya, Fransa və ABŞ-ın monopoliyasında olmalıdır? Regionda mühüm rola və çəkiyə malik Türkiyənin bu qrupa daxil olmasına niyə imkan verilmir? Niyə yalnız xristian dövlətlər ATƏT-in Minsk Qrupununun həmsədrləri olmalıdır? Yaxşısı budur, belə vacib məsələlərlə bağlı müzakirələr açsınlar. Daha boş və mənasız bəyanatlarala zəhləmizi tökməsinlər...

 

Artıq danışıqların nə əhəmiyyəti, nə də predmeti var. Münaqişə bitib və Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Lazımsız və əhəmiyyətsiz danışıqlar, müharibədə qələbə çalan Azərbaycanın nəyinə lazımdır? Eyni zamanda, nəzərə almaq lazımdır ki, hazırda Ermənistanda dövlət idarəçiliyində ciddi problemlər yaşanır. Ölkədə bütün sahələr üzrə katastofik vəziyyət hökm sürür. Yaxşı olardı ki, ATƏT-in Minsk Qrupu bundan sonra öz fəaliyyətini Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi, Ermənistanla Azərbaycan arasında etimad mühitinin formalaşdırılması istiqamətində həyata keçirsin. Yalnız bu istiqamətdə görülən işlər Ermənistanı uçurumdan və mövcud xaosdan xilas edə bilər.

 

İndiyə qədərki fəaliyyəti ərzində Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyiş əldə etməyən ATƏT-in Minsk Qrupunun bəyanatı elə fəaliyyəti kimi BOŞDUR! Münaqişə davam edən müddət ərzində yalnız turist səfərləri ilə işini yekunlaşdıran ATƏT-in Minsk Qrupunun müharibədən sonrakı fəaliyyətinə ümumiyyətlə ehtiyac yoxdur. Biz münaqişəni həll etmişik! Biz qələbə qazanmışıq! Dağlıq Qarabağ problemi artıq mövcud deyil! 

 

Xətai Salmanov

MİSSİYA.AZ                                                                                                                                      

  • 14-04-2021, 18:30