AZ   |   RU
Qurtuluşdan zəfərə doğru aparan yol

15 iyun - Milli Qurtuluş günü onun tariximizdəki əhəmiyyətini, mahiyyətini başa düşən hər bir azərbaycanlı üçün olduqca əlamətdar bir gündür. Çünki bu gündən sonra bizim həqiqi müstəqillik tariximiz başlayır. Məhz, bu gündən sonra Azərbaycanın müstəqilliyinin formal mərhələsi bitir. Xalqın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin gətirdiyi qurtuluşun gücü ilə Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti parçalanmaqdan qurtulur.

Müstəqilliyimizin Ümummilli Lider Heydər Əliyevə qədərki dövrünün formal adlandırılması təsadüfi deyil. Keçmiş SSRİ-nin dağılması nəticəsində müstəqillik qazanmış Azərbaycanın yarıtmaz idarəçiləri dövlətin sütunlarını elə sarsıtmışdılar ki, siyasi-iqtisadi böhrandan əlavə, həm də  ölkədə vətəndaş müharibəsi başlamışdı. Bu isə qardaş qırğını, əsrlər boyu bir Vətəndə yaşayan xalqların yanlış ideologiya nəticəsində parçalanması demək idi. Bir tərəfdən işğalçı Ermənistan, bir tərəfdən müstəqilliyin romantik eyforiyasında uyuyan səriştəsiz hakimiyyət.

Təsəvvür edin ki, müstəqil bir dövlətin ən yüksək ranqlı məmurları kiçik bir batalyonun əlində əsirdir. Cəbhədə torpaqlarımızın günbəgün işğal olunduğu bir vaxtda səriştəsiz idarəçilər paytaxtda  öz aralarında hakimiyyət mübarizəsi aparırdı. Müstəqil bir dövlətin daxilində etnik millətçilik o dərəcədə genişlənmişdi ki, ayrı-ayrı etnik qruplar dövlət daxilində öz müstəqilliyini elan edirdi.
Belə bir vaxta əlbəttə ki, xalqın siyasi liderə, vahid ideologiyaya və ən əsası legitim hakimiyyətə ehtiyacı var idi. Bu isə Ulu Öndər Heydər Əliyevin yenidən Bakıya qayıtmasını labüd edirdi və  xalqın tələbi, çarəsiz prezidentin xahişi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi reallaşdı.

Qısa müddətdə  Azərbaycan xaosdan, siyasi-iqtisadi  böhrandan, vətəndaş müharibəsindən qurtuldu. Bütün Azərbaycan xalqı vahid ideologiya - Azərbaycançılıq ətrafında birləşdi. Bu ideya xalq üçün vahid doktrinaya çevrildi. Qısa bir zaman kəsiyində ölkənin sürətli inkişafı dünyanın diqqət mərkəzində oldu. Məhz, bu qurtuluşla Ümummilli Lider dünyaya əsl müstəqilliyin necə olduğunu göstərdi. Xalqın öz liderinə inamının göstəricisi idi ki, xalq ondan sonra da onun layiqli davamçısının – Prezident İlham Əliyevin ətrafında birləşdi.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın inkişafını, sabitliyini möhkəmləndirməyi, xalqın rifahını artırmağı və ən əsası ordumuzu daha da  güclü etməyi  öz missiyası bildi. Bu missiya da bizi zəfərə apardı. Məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi imkanları, hərbi potensialı günbəgün artdı. Ən əsası Prezident İlham Əliyevinhakimiyyəti dövründə vətənpərvər ruhda, milli ruhda böyüyən gənclik torpaqlarımızı azad etdi. Müstəqilliyimizin tamlığını pozanların tarixi səhvini bərpa etdik.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədalət bərpa olundu, xalqımız layiq olduğu zəfəri qazandı. Şanlı bayrağımız Şuşada dalğalandı. Prezident İlham Əliyevin balanslaşdırılmış siyasəti, diplamatik nüfuzu ilə həm də beynəlxalq aləmdə zəfərimizi təsdiq etdik.

30 il əvvəl yoxolma təhlükəsi ilə üz-üzə qalan bir dövlət bu gün dünya güclərinin əməkdaşlıq etməkdə maraqlı olduğu güclü bir dövlətə çevrildi. Məhz, bütün bunlara baxıb, ən sadə müqayisələrlə kimlərdən, nədən qurtulduğumuzu görmək olar. Bu səbəbdən də, Qurtuluş xalqın gücüdür.
 
Gülnarə Nəsibova,
32 saylı orta məktəbin Uşaq birliyinin rəhbəri

  • 12-06-2022, 12:28