AZ   |   RU
Paşinyanın Putinlə "diversant oyunu" - İrəvanda anti-Rusiya kampaniyası

Diversantları Ermənistana aparmaq üçün İrəvandan Bakıya gələn təyyarənin boş qayıtması ilə bağlı qalmaqal böyüyür. Ermənistan mediası yazır ki, müharibədən sonra Azərbaycanın əlinə keçən həbçilərin azad olunması ilə bağlı məsələ Ermənistan hakimiyyətinin başına bəla olub.

Missiya.Az
xəbər verir ki, “politik.am” saytında dərc olunan məqalədə Ermənistan hakimiyyətinin diversantların azad olunma məsələsində bacarıqsızlıq nümayiş etdirildiyi qeyd olunub. Məqaladə həmçinin bildirilir ki, hərbçilərin qaytarılması məsələsindəki uğursuzluqdan istifadə olunaraq ölkədə  anti-Rusiya əhval-ruhiyəsi yaradılır.

Sitat: “Hakimiyyət hərbçilərin geri qaytarılmasını həyata keçirə bilmir. Onlar bacarıqsızlıqlarını və zəifliklərini müxtəlif səbəblərlə ört-basdır etmək istəyirlər. Məsələn, səlahiyyətlilər əsirlərlə bağlı məsələdən Rusiyaya qarşı əhval-ruhiyyə yaratmaq üçün istifadə edirlər. Vəzifəlilər müharibə bitdikdən qısa müddət sonra əsirlərlə bağlı məsuliyyəti Rusiyanın üzərinə qoydular. Əsirlərin və itkin düşmüş hərbçilərin yaxınları aksiya keçirmək üçün Rusiya səfirliyinin qarşısına göndərilirdi”, - sitatın sonu. 

Müəllif, İrəvandan Bakıya uçan təyyarənin hərbçiləri geri qaytaracağı barədə ilk xəbərin, Ermənistanın parlament sədrinin müavini Alen Simonyana yaxınlığı ilə seçilən media orqanları tərəfindən yayıldığını qeyd edib.

Sitat: “Qərbdən maliyyələşən KİV-lər daxil olmaqla, bütün hökumət mediası hərbçilərin geri qaytarılması ilə bağlı tədbiri canlı yayımlamağa tələsdi. Həmçinin  Baş nazir Nikol Paşinyanın sözçüsü Mane Gorgyan və Baş nazirin müavini Tigran Avinyanın ofisi yayılan məlumatları təsdiqlədi. Bir neçə saatdan sonra məlum oldu ki, Erebuni hava limanına enən Rusiya təyyarəsində heç bir erməni əsir yoxdur. Daha sonra təyyarənin İrəvana Bakıdan deyil, Rusiyadan gəldiyi məlum oldu. Alen Simonyan isə tələsik Azərbaycandan əsirlərin qaytarılacağı barədə razılıq olmadığını açıqladı. O bildirdi ki, bu  sadəcə bir ümid idi”, - sitatın sonu.  

Müəllif yazır ki, Alen Simonyan hərbçilərin geri qaytarılması ilə bağlı məlumatlı olmadığını iddia etsə də, səhəri gün hakim partiyanın başqa bir üzvü Andranik Köçəryan Azərbaycanla razılaşmanın olduğunu açıqlayıb. Sitat: “Özünüz gördünüz ki, Muradov təyyarədə idi. Yəni ortada pozulmuş müqavilələr var. Səbəbi məlum deyil. Fərziyyələrə əsaslanaraq deyə bilərik ki, qarşı tərəf bir daha oyun qaydalarını dəyişmək istəyir”, - deyə Köçəryan bildirib.

Qeyd edilir ki, Andranik Köçəryanın bu açıqlamasından sonra mediada Rusiyaya qarşı kampaniya başlayıb. Ermənistan hökumətinin təbliğatçıları hərbçilərin qaytarılmamasına görə Rusiyanı günahkar bilir və bu uğursuzluğu rusların təxribatı adlandırırlar. Ermənistan mediası iddia edir ki, rəsmilər və hökumət mətbuatı belə yalan xəbərlər yaymaqla ölkədə anti-Rusiya ab-havası yaratmağı hədəfləyiblər.

Elvin
Missiya.Az


  • 13-04-2021, 16:35