Azərbaycan -Türkiyə əlaqələri köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq və dostluq təməli üzərində qurulmuşdur. Ulu Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümummili Lider Heydər Əliyevin “ Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan bu dostluq əlaqələri daim inkişaf etdirilir, gündən-gündən daha da möhkəmləndirilir. Bu il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyidir. Azərbaycan 1991-ci 18 oktyabr tarixində öz müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan ölkə Türkiyə oldu və 1992-ci 14 yanvar tarixində iki ölkə arasında diplomatik münasibətlər quruldu.Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan-Türkiyə münasibətlərində mühüm siyasi addımlar atıldı, xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və keyfiyyətcə yeni mərhələ başlandı.
Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.
Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə və sabitliyinə xidmət edir. Eyni zamanda, bu əlaqələrin möhkəmləndirilməsi türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri sayılır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində 2021-ci 15 iyun tarixində Şuşa şəhərində dövlət başçılarının birgə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin böyük tarixi rolu vardır.
Tariximizin ən önəmli anlarında, yaxşı günlərdə də, çətin günlərdə də Azərbaycan və Türkiyə bir-birinə dəstək göstərir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidentinin və qardaş türk xalqının Azərbaycana olan böyük dəstəyi danılmazdır. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” tarixi sözləri Azərbaycana əlavə güc, ruh və inam verdi.
2020-сi il dekabr ayının 10-da Bakı şəhərində keçirilən tarixi Zəfər paradında Azərbaycan-Türkiyə əsgərlərinin çiyin-çiyinə hərbi paradda iştirak etmələri böyük dostluğun və qardaşlığın bariz nümunəsi idi.
2022-ci il 28 may tarixində-Müstəqillik Günündə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmləndirilməsində və inkişaf etdirilməsində həyata keçirilən böyük tədbirdir.
Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalının ilk dəfə olaraq Türkiyədən kənarda, məhz Azərbaycanda keçirilməsi özlüyündə rəmzi məna daşıyır. Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin, Bayraktar –TB2 və Akınçı PUA-larının mühəndisi, “Baykar” şirkətinin texniki direktoru, “Qarabağ” ordenli Səlcuq Bayraqdarın bu tədbirdə iştirak etmələri əlamətdar hadisədir. Eyni zamanda Əziz Səncər və Səlcuq Bayraqdar kimi tanınmış insanlar gənclər üçün böyük örnəkdir, əsil vətənpərlik nümunəsidir.
“TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət göstərən böyük tədbir, müstəsna əhəmiyyət daşıyan tarixi hadisədir.
Bəhman Hüseynov
Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini