AZ   |   RU
Şanlı Zəfərimizin təntənəsi – “Böyük qayıdış”!


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun şücayəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfər qələbəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işləri, irihəcmli infrastruktur layihələrin icrası böyük sürətlə davam etdirilir. Dağıdılmış şəhərlərin, kəndlərin, tarixi və dini abidələrin bərpası, yeni yolların çəkilməsi ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonununa növbəti səfər çərçivəsində regionda aparılan işlərlə tanış olub, “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.

“Ağıllı kənd” layihəsinin icrasına 2021-ci il aprelin 26-dan başlanılıb. Ölkə başçısının və birinci xanım Mehriban Əliyevanın həmin tarixdə Zəngilana səfəri zamanı Ağalı kəndində “Agıllı kənd” layihəsinin təqdimatı keçirilmişdir. “Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək”, - söyləyən cənab Prezident layihənin təməl daşını qoymuş, onun icrasına öz xeyir-duasını vermişdir. 

Layihənin icrasına başlamasından bir il sonra 2022-ci mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı olub.

Bu işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işlərinin məntiqi nəticəsidir. Cənab Prezidentin şəxsi nəzarəti və göstərişləri ilə həyata keçirilən bütün işlər ölkəmizin bu dilbər guşəsini bizə daha doğmalaşdırır, Vətən-torpaq sevgimizi, ona olan müqəddəs bağlılığımızı sonsuz edir. Cəmi bir il ərzində tikilib başa çatdırılan “Ağıllı kənd” yaşayış kompleksi özlüyündə xalqımızın qurub-yaratmaq eşqinin, ruhunun bariz göstəricisidir. 

“Ağıllı kənd” layihəsi yeni yanaşmadır, elmi nailiyyətdir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Kənddə bütün sosial, xidmət və digər infrastruktur sahələr yaradılıb, həmçinin otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasının təcəssümü olan göyərçin abidə-fəvvarə kompleksi inşa edilib.

Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin xalqımızın tarixi bayramı 28 may-Müstəqillik Günü ərəfəsində açılışı böyük rəmzi məna daşıyır. Bu eyni zamanda cənab Prezidentimizin xalqımıza böyük bayram təbriki, dədə-baba yurdlarının həsrəti ilə yaşayan soydaşlarımıza öz yurdlarına qayıdışı yolunda ilk müjdəsidir. 

“Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı ilə cənab Prezidentimiz şanlı Zəfərimizin təntənəsinə -“Böyük qayıdış”a start verib. Xalqımız, dövlətimiz üçün xeyirli olsun!



Bəhman Hüseynov

Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini


  • 29-05-2022, 18:49