AZ   |   RU
İlham Əliyevin Brüsseldəki uğurlu siyasi gedişi - Avropa İttifaqı Bakı ilə hesablaşır, Ermənistan şərtləri qəbul edir - ŞƏRH

44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda başlayan sülh prosesi artıq nəticələrini verməyə başlayıb. Sülh prosesinin ciddi nəticələr verməsinə sübut kimi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə mayın 22-də Azərbaycan və Ermənistan liderlərinin görüşündə qəbul olunan qərarları göstərmək olar. Təbii ki, qəbul edilən qərarlar Azərbaycanın maraqlarına uyğundur və rəsmi Bakı Brüssel görüşünü yüksək qiymətləndirir.

Üçtərəfli görüş zamanı Azərbaycanın maraqlarına uyğun olaraq qəbul olunan qərarlar hansılardır?

1. Üçtərəfli görüş zamanı “Dağlıq Qarabağ” deyil, yalnız “Qarabağ” ifadəsindən istifadə olunub. Həmçinin status məsələsi ümumiyyətlə müzakirə olunmayıb. Bu isə Azərbaycanın maraqlarına tam cavab verir. 

Xatırladaq ki, 7 İyul 2021-ci il tarixində prezident İlham Əliyevin sərancamı ilə Dağlıq Qarabağ iqtisadi zonası ləğv olunub, Qarabağ iqtisadi zonası yaradılıb. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Təbii ki, Avropa təşkilatlarının da “Dağlıq Qarabağ” ifadəsindən imtina etməsi Azərbaycanın maraqlarına uyğundur. 

Görüş zamanı status məsələsi yox, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə müzakirələr aparılıb. Avropa İttifaqı əhalinin uzunmüddətli və davamlı sülhə hazırlanmasına dəstəyini ifadə edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər ölkəmizin vətəndaşlarıdır və onların bütün hüquqlarla təmin edə, təhlükəsizliklərinə təminat verə bilər.

2. Görüş zamanı humanitar məsələlərin həlli, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi ilə bağlı da müzakirələr aparılıb. Rəsmi Bakı işğaldan azad olunmuş ərazilərin tez bir zamanda minalardan təmizlənməsində və Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsində maraqlıdır. Avropa İttifaqının rəhbərliyinin təşəbbüsü ilə keçirilən görüşlərdə itkin düşmüş şəxslərin taleyi və minalanmış ərazilərin təmizlənməsi ilə bağlı müzakirələrin aparılması, problemlərin rəsmi bəyanatlara salınması Ermənistan qarşısında daha böyük məsuliyyət, hüquqi öhətliklər yaradır.

3. Yaxın zamanlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin müəyyənləşdirilməsi üçün yaradılan Sərhəd Komissiyalarınln ilk iclası keçiriləcək. Artıq ötən gün Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılıb. Görüş zamanı sərhədlərin delmitasiyasi ilə bağlı komissiyanın yaradılmasından başqa kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması və digər məsələlər barədə razılığa gəlinib.

Azərbaycan tərəfi 44 günlük müharibədən sonra dəfələrlə bölgədə bütün kommunikasiyaların açılması istiqamətində əməli addımların atılmasını vacibliyini vurğulayıb. Təbii ki, prosesdə qalib tərəf kimi şərtləri Azərbaycan diqtə edirdi və İrəvan rəsmi Bakının tələblərini yerinə yetirməyə məcburdur.

Müşahidələr göstərir ki, Brüsseldə 5 saat davam edən üçtərəfli görüş zamanı bütün məsələlər nəzərdən keçirilib və Azərbaycan  üçün uğurlu nəticələr var. Ötən gün prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ölkə başçısı, mayın 22-də Brüsseldə keçirilən üçtərəfli görüş zamanı Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəlindiyini bildirib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığından bir daha  aydın olur ki, görüşdə əldə olunan bütün razılaşmalar Azərbaycanın milli maraqlarına, dövlət siyasətinə uyğundur. Ona görə də son üçtərəfli görüşü Azərbaycanın tarixi diplomatik uğurlarından biri hesab etmək olar. 


Elvin Məmmədov
Missiya.Az

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 
6.3.5. (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmışdır.    

  • 24-05-2022, 17:31