Rusiya ordusu Suriyanın 8 kritik bölgəsindən qoşunlarını çıxarıb. Suriyanı tərk edən hərbçilərin Ukraynadakı döyüş bölgələrinə göndərildiyi bildirilir.
Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud yayıb.
O bildirib ki, Rusiya ordusu Həsəkə, İdlib, Həma, Latakiya və Hələb çöllərində - Mənbic-Tel Rifat-Ayn əl-Ərəbdə yerləşən əsgərlərini geri çəkib. Son olaraq, İdlib-Saraqib və Homs-Tedmur bölgələri boşaldılıb. Fərat çayının şərqindəki 2 bazada yerləşdirilən rus komandoları Mənbic-Arime bölgəsinə göndərilib.
Hamudun sözlərinə görə, artıq Türkiyə üçün kritik əhəmiyyət kəsb edən Tel-Rifat xəttində Rusiya hərbçiləri yoxdur. Polkovnik Yusuf Hamud ruslar tərəfindən boşaldılan və PKK-nın işğalı altında olan bölgələrdə ABŞ-ın kəşfiyyatçılarının dolaşdığını bildirib. Suriyalı hərbçi həmçinin bildirib ki, İranın dəstəklədiyi şiə silahlılar xüsusilə Latakiya, Hələb və İdlib bölgələrindəki boş əraziləri doldurmağa çalışırlar.
Suriya müxalifəti son hadisələri “Hələbə gedən yol açıldı” kimi şərh edib.
Xatırladaq ki, Rusiya 2015-ci il, sentyabrın 30-da Suriyaya hərbi müdaxilə edib. Moskva Suriya ərazisinə prezident Bəşər Əsədi dəstəkləmək məqsədi ilə daxil olub.
İsmayıl Bakuvi
Missiya.Az