"Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır".
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
"İkitərəfli münasibətlərin, cənab Prezident, Sizin qeyd etdiyiniz 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır. Mən tam inanıram ki, bizim iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Bu səbəbdən mən özümlə Azərbaycana bir çox biznes nümayəndələrini gətirmişəm. Biz bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq. Mən, həmçinin Azərbaycan biznes missiyasını bu ilin sonlarında Litvaya səfərə dəvət edirəm", - Litva Prezidenti vurğulayıb.
Gitanas Nauseda qeyd edib ki, Avropa və onun təhlükəsizlik arxitekturası üçün önəmli dönəmdir: "Biz indi danışdığımız zaman Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. O, həmçinin qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə edir. İndi bütün mövcud praktiki vasitələrlə Ukraynanı dəstəkləmək vacibdir.
Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik. Ukraynadakı müharibə öz enerji resursları mənbələrini şaxələndirmək üçün Avropaya bir xəbərdarlıq idi. Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və özünün yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır".