Ermənistan mediasının əsas gündəm mövzularından biri Ankara-İrəvan münasibətlərinin yaxşılaşdırılma ehtimalı ilə bağlıdır.
Missiya.Az xəbər verir ki, erməni cəmiyyəti bu məsələdə ciddi fikir ayrılığı yaşayır.
Revanşist qüvvələr və müharibə tərəfdarları Ankara ilə münasibətlərin bərpasının əleyhinə, müharibədən dərs çıxaran və Ermənistan iqtisadiyyatının inkişafının tərəfdarı olan qüvvələr isə leyhinə çıxış edirlər.
Türkiyə ilə əlaqələrin qurulmasının əlehinə olan qüvvələr bir neçə gündür ki, sosial şəbəkələrin erməni seqmentində kütləvi şəkildə, “Türkiyə mənim düşmənimdir” sloqanı ilə paylaşımlar edirlər. Ermənistan mediasının diqqətini çəkən məqamlardan biri hökumət təmsilçilərinin və tərəfdarlarının Türkiyə əleyhinə təşkil olunan fləşmoba qoşulmamasıdır.
Qeyd edilir ki, Ermənistanın vəzifəli şəxsləri 24 aprel ərəfəsində ritorikalarını dəyişib, Türkiyə mövzusunda “münasibətlərə yenidən baxılmalıdır” şəkilli fikirlər səsləndirirlər. Mövzuya cəmiyyətin marağını nəzərə alan “ArmDay.am” saytı məsələyə Baş nazir Nikol Paşinyanın münasibətini öyrənmək üçün ona rəsmi sorğu ünvanlayıb. Sual olunub ki, Nikol Paşinyan Türkiyəni düşmən hesab edirmi? Ermənistanın hökumət rəhbəri 31 martda ona göndərilən sorğuya geniş cavab verib. Amma konkret olaraq Türkiyəni düşmən hesab edib-etmədiyini açıqlamayıb.Qeyd edək ki, bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan Ermənistanın Armavir vilayətinə səfəri zamanı “Türkiyə düşmən deyil” ifadəsini, Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan isə jurnalistlərə açıqlamasında “Bölgəni blokadadan çıxarmaq istəyiriksə, yanaşmalarımızda bəzi dəyişikliklər etməliyik” fikirini səsləndirib. Görünən odur ki, Ermənistanın hazırki hakimiyyəti ölkəni çətin iqtisadi və siyasi böhrandan çıxarmağın əsas yolunu Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasında görür.
Elvin
Missiya.Az