Azərbaycan Vətən Müharibəsində qazandığı Zəfərlə tarixə imza atmağı bacardı. Bu, mükəmməl şəkildə həyata keçirilən Dəmir Yumruq əməliyyatı ilə Azərbaycan döyüşçüsünün, yeni əsrin əsl hərb sənətini əks etdirən Azərbaycan Silahlı Qüvvələrinin real obrazının bütün dünyaya nümayişi idi. Biz qələbəni təkcə hərbi gücümüzlə deyil, eyni zamanda milli ruhumuz, milli həmrəyliyimiz sayəsində qazandıq.Təəssüf ki, bu möhtəşəmlikdə qələbəmizə cılız mənfəətlər ucbatından kölgə salanlar da az deyildir. Postmüharibə dövrünün ən ağır bəlalarından biri də qazi adından sui-istifadədir.
Bu mövzuda saysız fikir mübadilələri, maarifləndirici, hətta ictimai qınağın yer aldığı diskussiyalar aparılsa da, bəzi ünsürlər var ki, bu tip əməllərindən əl çəkmək istəmirlər.
Görünən odur ki, bu bəlaya yoluxanlar hələ uzun müddət reablitasiya prosesini keçməlidirlər. Birmənalı olaraq hər kəs anlamalıdır ki, bu, çox səhv yoldur və bütövlükdə ictimaiyyət tərəfindən mütəmadi olaraq qınaq atəşinə tutulmalıdır.
Bu gün dövlət orqanlarına hücum çəkib, yersiz tələblər irəli sürənlər daha çox saxta qazilər, Vətən Müharibəsində xidməti olmayan bir qrup adi vətəndaşlardır. Təsadüfi deyildir ki, müharibədə həqiqətən iştirak etmiş, ən ağır əməliyyatlarda, xüsusilə Şuşanın azad olunmasında iştirak edən hərbçilər pərdə arxasında qalmağa üstünlük verirlər. Vətəni təmənnasız sevənlərin nə dövlətdən, nə də Vətəndən umacağı heç nə yoxdur. Çox hallarda həmin qəhrəmanları təbliğ etmək, mətbuatda işıqlandırmaq üçün dəvət edəndə belə həmin insanlar çox böyük təvazökarlıq göstərərək, özlərini reklam etməkdən imtina edirlər.
Son günlər qazi, müharibə iştirakçısı adından istifadə hallarının kəskin yayılması ilə əlaqədar olaraq, Vətən Müharibəsinin qəhrəmanlarından biri, Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı məktəbin hərbi müəllimi, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı, 44 günlük Vətən Müharibəsində bir gözünü itirmiş, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının və Fizulinin azad olunmasına” görə medalları ilə təltif edilmiş Qədir Daşdəmirovla əlaqə saxlayıb, cəmiyyətimizin bəlasına çevrilmiş bu məsələyə münasibətini öyrəndik.
“Qazi adından yalandan istifadə edənlər var, əlbəttə ki, bu, doğru deyil.
Qayda var, qanun var. Dövlətimizin müəyyən etdiyi qanunlar var ki, bu qanunlar əsasında qazi adının kimlərə verilməsi təyin olunur. Müharibədə yaralanmaq qaçılmazdır. Elə insanlar var ki, müharibədə yaralanıb, sonra sağlığına qovuşub. Məsələ burasındadır ki, saxta qazilərə görə, biz əsl qazilərə də cəmiyyətdə münasibət dəyişir.
Həmin bu yalançı şəxslər dövlətin və cəmiyyətin həssas nöqtəsindən istifadə edib özünə imtiyazlar qazanmaq istəyir. Ümid edirik ki, həm ictimaiyyət, həm də dövlətimiz həmin şəxslərlə bağlı lazımı tədbir görəcək.” – deyə baş leytenant Qədir Daşdəmirov son günlərin əsas mövzularından birinə belə münasibət bidirdi.
Bəs bu kimi hallara qarşı bir qazi olaraq, hansı mübarizə üsullarını təklif edərdiz sualına Qədir Daşdəmirov belə cavab verdi.”
“Hər kəs yaxşı bilir ki, kim müharibədə necə döyüşüb. Özünü qazi adlandıran həmin şəxslərin döyüşdə iştirakı müvafiq dövlət orqanları tərəfindən araşdırılmalıdır. Belə olduqda əsl həqiqət üzə çıxacaq. Düşünürəm bu kimi hallara bu formada mübarizə aparmaq olar.” – belə cavab verdi.