Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanda səfərdə olan Türk Ağsaqqalları Birliyi - TAİB-in nümayəndə heyətini qəbul edib. Qəbulda Ali Məclis sədri Türk Ağsaqqalları Birliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı birgə konfrans keçirilməsini yüksək qiymətləndirildiyini bildirib.Vasif Talıbov qeyd edib ki, Heydər Əliyev irsinin araşdırılması və təbliğ olunması yönündə təşəbbüslər gələcək nəsillərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. "Dövlət və milli maraqlar Heydər Əliyevin fəaliyyətinin qayəsini təşkil edib" deyən Ali Məclis sədri Ulu Öndərin yüksək vətənpərvərlik hisslərindən söz açaraq bu keyfiyyətlərin Prezident İlham Əliyevdə də cəmləşdiyini vurğulayıb.
Vasif Talıbov həmçinin Türk Ağsaqqalları Birliyi - TAİB-in sədri, akademik Sudeyif İmamverdiyev haqqında xoş fikirlər dilə gətirib, onun Heydər Əliyevin Naxçıvanda yaşadığı dövrdə nümayiş etdirdiyi ləyaqət və prinsipiallıq nümunələrindən söz açıb. Öz növbəsində TAİB sədri Sudeyif İmamverdiyev səmimi qəbula görə Ali Məclis sədrinə təşəkkürünü bildirib.Akademik qeyd edib ki, Naxçıvanda müşahidə olunan genişmiqyaslı quruculuq işləri, Muxtar Respublikanın sürətli inkişafı, ölkənin bütün bölgələrində tətbiqi arzu olunan yeniliklər onda heyranlıq hiss yaradır. Sudeyif İmamverdiyev Ali Məclis sədrinə Türk Ağsaqqalları Birliyinin fəaliyyəti barədə də ətraflı məlumat verib. Nümayəndə heyətinin üzvləri - Milli Məclisinin deputatları Hikmət Babaoğlu və Ramil Həsən də qəbula görə Vasif Talıbova təşəkkürlərini bildirib Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf yolunda inamla irəlilədiyini məmnunluqla müşahidə etdiklərini qeyd ediblər.
Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü Eyvaz Hünbətov, TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar və təşkilatın xarici əlaqələr üzrə məsul şəxsi Elnur Eltürk, TAİB və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək konfrans barədə danışıb, məruzələrin müxtəlif istiqamətləri əhatə etdiyini bildirib. Sonda Ali Məclis sədri, "Heydər Əliyev və Türk dünyası" mövzusunda keçirilən konfransın işinə uğurlar arzulayıb. Missiya.Az