Nizami Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrlə görüş keçirilib.
Missiya.Az xəbər verir ki, görüşdə Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov dövlətin dini tolerantlıq siyasətindən geniş şəkildə bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dini adət-ənənələrin qorunması xüsusunda siyasətini layiqincə davam etdirir və dövlət başçısının təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizin mühafizəsi istiqamətində əhatəli tədbirlər həyata keçirilir. Bəhman Hüseynov dövlətin yeni məscidlərin inşası, ibadətgahların bərpası ilə bağlı apardığı işləri və bu istiqamətdə bilavasitə Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun layihələrini xüsusi vurğulayıb.
İcra Hakimiyyətinin rəsmisi çıxışında din pərdəsi adı altında təxribatçı qrupların ziyanlı fəaliyyəti barədə də söhbət açaraq, yeniyetmə və gənclərin yalnış istiqamətlərə yönəldilməsinin qarşısının alınmasında valideynlərin böyük rol oynadığını da qeyd edib.
Azərbaycan Qarabağ əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev isə çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial proqramlara diqqət çəkib. Məhi Mehtiyev bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə çoxillik dövlət proqramları həyata keçirilir və uğurlu nəticələr əldə olunur. Məhi Mehtiyev Nizami rayon İcra Hakimiyyətinin həyata keçirdiyi sosial aksiyalardan söz açaraq, həm adıçəkilən quruma, həm də bu layihələrə dəstək verən Missiya Media Qrupuna təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar tədbir iştirakçılarına Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyini - TAİB-in təsisçisi Ramin Əhmədovun salamlarını çatdırıb. Nicat Dağlar Missiya Media Qrupunun Nizami rayon İcra Hakimiyyətilə birgə layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Tədbirin sonunda aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə Nizami Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupu adından sovqatlar təqdim olunub. Tədbir iştirakçıları Prezident İlham Əliyevin müəllifi olduğu genişmiqyaslı sosial siyasətdən razı qaldıqlarını deyib və onlara göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.