AZ   |   RU
Azərbaycan və Rumıniya arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Rumıniya Senatının sədri Florin Kıtsu ilə görüşüb.

Missiya.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əlaqələr, o cümlədən mövcud strateji tərəfdaşlıq çərçivəsində yeni əməkdaşlıq perspektivləri müzakirə edilib.

H.Nəcəfov 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqla bağlı Rumıniya Senatının sədrinə geniş məlumat verib və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvət məktubunu ona təqdim edib.

Florin Kıtsu də öz növbəsində ölkəsinin Cənubi Qafqazda yeganə strateji tərəfdaşı olan Azərbaycanla ikitərəfli münasibətlərin yüksək qiymətləndirildiyini vurğulayıb. O, bu münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsi üçün hər iki tərəfin səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Senatın sədri Rumıniyanın bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində ölkəmizlə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

F.Kıtsu dəvət məktubuna görə Milli Məclisin sədrinə təşəkkürünü çatdıraraq, yaxın zaman ərzində Azərbaycana səfər etməkdə maraqlı olduğunu bildirib.

  • 21-04-2022, 22:30