Ötən gün Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı Kreml rəhbərinin söylədiyi “Qarabağda hələ çox problemlər var və oranın təhlükəsizlik məsələsini müzakirə edəcəyik” sözləri çox ehtimal ki, Azərbaycan tərəfini qıcıqlandırmaq üçün səsləndirilib. Son vaxtlar onsuz da, bəzi Rusiya dövlət rəsmilərinin Azərbaycan haqqında söylədikləri cəfəng fikirlər Bakının səbrini tükətmişdi. İndi isə bu cür fikirlərin dövlət rəhbərinin dilindən eşidilməsi, Azərbaycan üçün ciddi mesaj hesab etmək olar.Putinin dediyi kimi, bəli, Qarabağda hələ çox problemlər var, bunun da günahkarı məhz Moskvadır. 44 günlük müharibənin bitməsindən sonra bölgədə müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr indiyə kimi öz vəzifələrinin öhdəsindən gəlməyiblər.
Azərbaycan dövlətinin icazəsi ilə bölgəyə gələn Rusiya sülhməramlı qüvvələri, bölgədə özlərini sülhməramlı kimi yox, daha çox erməniməramlı kimi göstərməyə başladılar. Həmin qüvvələr 10 noyabr bəyanatının 4-cü bəndində yer alan maddəyə uyğun olaraq silahlı erməni birləşmələrini oradan vaxtında çıxarsaydı, indi Qarabağda heç bir problem olmazdı.Qarabağın təhlükəsizliyi ilə bağlı deyilənlərə gəlincə isə bu, İrəvanın yox, Bakının məsələsidir. Bu məsələnin də həlli Ermənistanla yox, Azərbaycanla müzakirə edilməlidir. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir.
Putinin bu sözləri onun imza atdığı razılaşmalara əməl etmədiyini bir daha sübut edir. Məsələn, Putinin fikirləri 22 fevralda Prezident İlham Əliyevlə Vladimir Putin arasında imzalanmış müttəfiqlik bəyannaməsinə ziddir. Əgər hadisələr bu məcrada davam edəcəksə, o zaman Rəsmi Bakı da öz hesabını götürüb, Rusiyanın bu addımlarına qarşı adekvat tədbirlər görməli olacaq.
Daşqın Həsənov
Missiya.Az