Bildiyimiz kimi, Ermənistan Baş Naziri dünəndən Rusiyada rəsmi səfərdədir. İrəvanın Azadlıq meydanında alaçıq qurub aksiya keçirən erməni müxalifəti Paşinyanı Moskvaya az qala daş-qalaqla yola saldı. Dünən Rusiya prezidenti Putinlə təkbətək görüşən Paşinyan isə Rusiyanın Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətləndirilməsi göstərişindən və təlimatından başqa, hələlik nəsə yeni bir nəticə əldə etməyib. Özünə siyasi lider donu biçmək istəyən Paşinyan əslində ölkəsinin müxalifətinin çox təhlükəli bir oyuna girişdiyini daha yaxşı anlayır. Ermənistan hökumətinin başçısı başa düşür ki, öhdəliyə götürüb məsuliyyət daşıdığı və artıq icrasının zamanı yetişən xeyli sənəd var. Paşinyana qalsa, özünün imzası onu o qədər narahat etməz, söhbət həmin sənədlərdəki Azərbaycan prezidenti cənab İlham Əliyevin imzasından gedir. Paşinyan gözəl bilir ki, imzasının da, sözünün də çox ağır çəkisi olan İlham Əliyev imza atdığı hər bir sənədin icrasına nə olur olsun, müvəffəq olacaqdır. Bunu nəinki Paşinyan, bütün ermənilər, məsələdən hali olan cəmi liderlər bilir. Bu arada, bəs ermənilər Ermənistanın taleyi ilə bağlı nə düşünür? Putin Paşinyan görüşünün mümkün ehtimalları hansı proseslərin işarəsidir?
“Hraparak” qəzeti yazır ki, Nikol Paşinyan bu səfəri ilə daha bir böyük intriqa toxuyur. Belə ki, o, Moskvaya yola düşmə ərəfəsində qondarma Artsax prezidenti Arayik Arutyunyan və Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanı qəbul edib. Onların fikrincə, Paşinyanın Moskvada Artsaxın Azərbaycana təslim olacağını əsaslandıran bəzi sənədlər imzalayacağına əsaslı şübhələr var. Guya ki, Arayik Arutyunyan və Balasanyan Paşinyanı Artsaxın statusu məsələsində güzəştə getməməyə çağırıblar.
Qəzetə Ermənistanın iqtidaryönlü mənbələrindən bildiriblər ki, Paşinyan növbəti intriqa üçün ssenari cızıb və bununla da bir neçə problemi eyni vaxtda həll etmək niyyətindədir. O, bəyan edəcək ki, onu səhv başa düşüblər, Artsaxı təslim etmək fikrində deyil, və hələ də status üçün mübarizə aparacaq. Bununla da müxalifətin getdikcə artan mübarizəsini neytrallaşdıracaq və vaxt udacaq. Əgər plan uğursuzluqla nəticələnsə və yeni müharibə başlasa, o, Artsaxın təslim olmamasında müxalifəti və tərəfdarları günahlandıracaq və deyəcək ki, siz mənə icazə vermədiniz, status məsələsini bağlasaydıq, yeni müharibə olmazdı. Hər iki halda o, qalib gələcək - sülh müqaviləsi imzalayacaq və müxalifəti məhv edəcək”, - qəzet yazır.Paşinyanın Moskvaya səfəri onun daha çox bir neçə problemi eyni anda həll etmək arzusundan irəli gələ bilərdi. Birincisi, Azərbaycan prezidenti İlham Əliyevin gedişlərindən nümunə götürmək, bir növ özünü ona oxşadıb, siyasi addımlarını kopyalamaq cəhdi.
İkincisi, tək Qarabağda deyil, həm də onun hüdudlarından kənarda Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı kəskinləşmiş problemləri müzakirə etmək.
Və nəhayət, üçüncüsü, Moskvanın Ukraynadakı “xüsusi hərbi əməliyyatına” baxmayaraq, hələ də sanksiyalar təzyiqi qarşısında onu dəstəkləməyə hazır olan müttəfiqlərinin olduğunu göstərmək.
Görüşün yekunlarına dair Kremlin saytında 30 bəndlik bəyanat dərc olunub. Məlumata görə, bu rəqəm də təsadüfi deyil - 2022-ci ildə Ermənistan-Rusiya diplomatik münasibətlərinin 30 yaşı tamam olur və İrəvan bu hadisəni hansısa şəkildə qeyd etmək istəyib. Daha doğrusu, bu addım, fevralın 22-də Moskvaya gedən cənab İlham Əliyev ilə müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin alternativini düşünüb, sahibinə yaltaqlanmaq üçün hesablanmış variantlardan biridir. Feyk xəbərlər kralı hesab olunan Ermənistan baş nazirinin “copy past” ustası olduğu da beləcə bununla aşkara çıxmış olur.
Görüşdə - “Ölkələrimiz arasında diplomatik münasibətlərin 30-cu ildönümünə təsadüf edən bu səfərin təkcə praktiki deyil, həm də simvolik əhəmiyyəti var və onu göstərir ki, dövlətlərimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Biz daim əlaqə saxlayır, çox tez-tez görüşüb telefonla danışırıq. İkitərəfli münasibətlərin gündəliyi iqtisadiyyatdan başlayaraq, mədəni, hərbi-texniki əməkdaşlığa qədər gedib çıxır”. – deyən Ermənistanın baş naziri, eyni zamanda, Rusiyanın Qarabağdakı rolunu vurğulamaq fürsətini də qaçırmayıb.
“Bizim regionda əsas siyasi məsələ Dağlıq Qarabağ probleminin həllidir və əminəm ki, bu gün biz bu barədə danışacağıq»- deyə o, görüşdən əvvəl bildirib.
Putin və Paşinyanın “Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfəsini vurğuladıqları” – mövzu isə bir müddətdir, eşitdiyimiz köhnə havadır.
Artıq çoxdan dəfn olunmuş ATƏTin Minsk qrupundan heç cür əl çəkə bilməyən Ermənistan, sadiqlik nümayiş etdirib.
“ATƏT-in Minsk Qrupunun həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini bəyan edib”, - bəyanatın bəndlərindən birində də belə deyilir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov faktiki olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırdığını bəyan etmişdi. Belə ki, digər iki həmsədr Paris və Vaşinqton Ukraynadakı hərəkətlərinə görə Moskva ilə əməkdaşlıqdan imtina etmişdillər.
Minsk Qrupu məhz Ermənistan üçün böyük əhəmiyyət kəsb edirdi, çünki onun çərçivəsində beynəlxalq vasitəçilər təkcə Yerevana və Bakıya deyil, həm də Xankəndiyə səfər edərək, qondarma Dağlıq Qarabağ Respublikasının hakimiyyət orqanları ilə dialoq aparıblar. Bundan əlavə, “Dağlıq Qarabağ” termininin beynəlxalq sənəddə saxlanmasının özü İrəvan üçün çox vacibdir, hansı ki, belə bir region yoxdur, yalnız Qarabağ iqtisadi rayonu var. Bu bölgə isə tamamilə Azərbaycana məxsusdur və Ermənistanla heç bir əlaqəsi yoxdur.
Göründüyü kimi Ermənistan ölünü diriltməyə cəhd edir. Lakin İlham Əliyev öz sərrast diplomatiyası ilə statusu da, ATƏT-in Minsk qrupunu da çoxdan o dünyaya göndərib.Sənədin 28-ci bəndində deyilir: “Tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək üçün Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığı fəallaşdırmaq barədə razılığa gəliblər, habelə, Vladimir Putin və Nikol Paşinyan Rusiyanın köməyi ilə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini də canladırmaq üçün birlikdə hərəkətə keçiblər. Bu bənddə də yeni heç nə yoxdur.
Digər bir məsələ, Rusiya ilə Ermənistan arasında əməkdaşlığın digər mühüm aspekti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti ilə bağlı olub. 2022-ci ilin ikinci yarısında İrəvanda Kollektiv Təhlükəsizlik Şurasının assosiasiyaya üzv olan altı ölkənin liderlərinin iştirak etdiyi sessiyasında Vladimir Putinin də iştirakı gözlənilir. Nikol Paşinyan görüşə dəvətnaməni Rusiya liderinə təqdim edib və Kremlin saytında deyildiyi kimi, dəvət “minnətdarlıqla qəbul edilib”.
Paşinyanın siyasi fəaliyyətini izləyən, diplomatiyadan anlayışı olan istənilən adam, bütün bunların Paşinyan fiquru ilə qəti əlaqəsi olmadığnı asanlıqla anlaya bilər. Daha dəqiq desək, bu görüşün əsas “siyasi mesajı”, qərbin onu təcrid etmək cəhdlərinə baxmayaraq, Cənubi Qafqaz regionunda əsas rol oyunçusunun Rusiya olduğunu nümayiş etdirməkdir. Aydındır ki, Rusiyaya indi belə bir sənəd lazım idi.
Digər tərəfdən, Ermənistan rəhbərliyi belə bir sənədi imzalamaq müqabilində ən azı müəyyən qədər divident ala bildimi? Axı, bu sənəddə Rusiyanı indi narahat edən hər şey var. Burada dolayısı ilə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan danışılır, Moskva üçün də vacib olan təhlükəsizliyin bölünməzliyindən danışılır və s.Bəs Ermənistan? Ermənistan bu görüşdən İrəvanda Azadlıq meydanında yerə sərilmiş müxalifətinin yanına nə ilə qayıdır?
Rusun dili ilə desək, “pokazuxalıq” üçün baş tutan bu görüşdə Ermənistanın düçar olduğu problemlər yenə də həllini tapmadı.Çünki İrəvanın problemlərinin həll açarı artıq çoxdan Bakının əlindədir.
Lamiyə Rövşənqızı
Missiya.Az