Bu gün Azərbaycan Türk Ocağının başqanı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və təşkilatın təmsilçiləri Türk Ağsaqqalları Birliyi - TAİB-in Təşkilat Komitəsinin üzvlərilə görüşüblər.
Missiya.Az xəbər verir ki, TAİB-in ofisində keçirilən görüşdə Türkdilli ölkələr arasında əlaqələrin inkişafı, Türk birliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər, eləcə də regionda yaranmış yeni reallıqların açdığı perspektiv yollar barədə fikir mübadiləsi aparılıb.
Türk Ocağının başqanı Akif Aşırlı təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək, türkdilli ölkələr arasında inteqrasiyanın sürətləndirilməsi yönündə həyata keçirilməsi zəruri olan tədbirlər barədə fikirlərini açıqlayıb. O qeyd edib ki, Türk Ağsaqqalları Birliyi – TAİB-lə birgə layihələr həyata keçirilməsi və ümumən eyni hədəfə doğru yolda imkanların səfərbər olunması, bütün hallarda effektiv nəticələrə gətirib çıxaracaq.
TAİB təmsilçiləri də öz növbələrində təşkilatın fəaliyyət proqramı, nəzərdə tutulan layihələr barədə qonaqlara ətraflı bilgilər verərək, birgə fəaliyyət müstəvisinin yaradılması xüsusunda deyilənləri müsbət qarşıladıqlarını bildiriblər. Görüş iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk birliyinin möhkəm dayaqlar üzərində inkişafı yönündə göstərdikləri səyləri yüksək qiymətləndiriblər.
Görüşdə həmçinin Türk Ocağı ilə TAİB-in Türkdilli ölkələrdə mümkün birgə layihələrə dair təşəbbüslər üzrə konkret dəyərləndirmələr də aparılıb.

