AZ   |   RU
900 min əhalisi olan ölkə rus oliqarxın yaxtasını əlindən aldı

Sakit Okeanın cənub hissəsində yerləşən, 896 minlik əhalisi olan Fici Adaları hökuməti, rusiyalı milyarder Süleyman Kərimovun  dəyəri 325 milyon dollarlıq yaxtasını müsadirə edib.  

Missiya.Az xəbər verir ki, bu barədə "Fiji Sun" nəşri məlumat yayıb. 

Yaxtanın müsadirə olunmasını Fici Polis rəisi Sitiveni Qiliho təsdiqləyib. 

Ada ölkəsinin ikinci ən böyük şəhərində lövbər salan təxminən 106 metr uzunluğundakı yaxtanın saxlanılmasına səbəb kimi gömrük giriş icazəsinin olmaması göstərilib. 

Kərimova məxsus milyonlarla dəyəri olan  yaxtanın kapitanı və işçi heyətinin davam  edən istintaq çərçivəsində haqlarında həbs qərarı alınıb. 

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, rusiyalı milyarderin "Amadea" adlı yaxtası istintaq tədqiqat prosesi tamamlandıqdan sonra Fici sahillərini tərk edəcək. 

Avropa İttifaqının Sakit Okean Nümayəndəliyinin rəhbəri Sujiro Seam bildirib ki, rus oliqarxların aktivlərinə qarşı sanksiyalarla bağlı Fici də daxil olmaqla tərəfdaş ölkələrlə müzakirələrimiz davam edir. 

"Tətbiq olunan sanksiyalar paketi çərçivəsində Aİ daxilində bir neçə yaxta ələ keçirilib yaxud da haqqında həbs qərarı çıxarılıb. Biz problemi həll etmək və əməkdaşlığı həyata keçirmək üçün bütün dünya üzrə tərəfdaşlarımızla işləyirik", - deyə Seam açıqlama verib. 

Qeyd edək ki, Vladimir Putinə yaxınlığı ilə və Rusiyanın ən zəngin 9-cu adamı olaraq tanınan Süleyman Kərimov Forbes jurnalının məlumatına görə 14,5 milyard dollarlıq sərvətə sahibdir. "Qızıl kralı" ləqəbli Kərimov Rusiya-Ukrayna arasında müharibənin başlaması ilə ABŞ, Aİ və İngiltərənin sanksiyaya məruz qoyduğu rus oliqarxları siyahısına daxil edilib.

İnam Həsənov
Missiya.Az 

  • 15-04-2022, 16:18