AZ   |   RU
"Taleh Kazımov Mərkəzi Bankın sədri təyin olunarsa, özünü doğruldacaq" - Rəşad Həsənov

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabahkı plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında məsələyə baxılacaq.

Bu gün keçirilən iclasda isə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.


Elman Rüstəmovun İdarə Heyətinin üzvlüyündən çıxarılması, onun sədrlikdən də uzaqlaşdırılması deməkdirmi?

İqtisadçı Rəşad Həsənov Missiya.Az-a açıqlamasında bildirib ki, bu halda Elman Rüstəmov Mərkəzi Bankın sədrliyindən də uzaqlaşdırılır:

“Azərbaycanda “Mərkəzi Bank haqqında” qanuna görə, Mərkəzi Bankın sədri İdarə Heyətinin üzvləri arasından seçilir. Yəni İdarə Heyətinin üzvü olmayan şəxs Mərkəzi Bankın sədri ola bilməz. Bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan məsələ də Elman Rüstəmovun İdarə Heyətinin üzvlüyündən çıxarılması ilə bağlıdır və bu barədə qərar qəbul olunub. Bu o deməkdir ki, qərar Prezident İlham Əliyev tərəfindən təsdiqlənərsə, Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsini icra edə bilməyəcək”.

Rəşad Həsənov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyinatı müzakirə olunan Taleh Kazımovun bank sektorunda böyük təcrübəsinin olduğunu deyil.

“Hələ ki, Taleh Kazımovun sədri olub-olmayacağı dəqiq deyil. Amma Taleh Kazımov sədr olarsa, bank sektoruna yeniliklərin gələcəyini əvvəlcədən deyə bilərik. Çünki Taleh Kazımov indiyə qədər bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, bu sahə barədə məlumatlıdır və nüfuzlu universitetlərdə təhsil alıb. Əgər Taleh Kazımov Mərkəzi Bankın sədri təyin olunarsa, özünü doğruldacaq”.


Elvin Məmmədov
Missiya.Az

  • 11-04-2022, 18:04