Müharibə başlayandan bəri Ukrayna hərbçiləri Rusiya qüvvələrinin 15-20%-ni məhv edib. Rusiya Federasiyası isə Donbasda hücumu gücləndirmək üçün qoşunlarını cəmləşdirir.
Missiya.Az xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən “ABC News” məlumat yayıb.
Rəsminin sözlərinə görə, hər biri 800-1000 nəfərdən ibarət batalyon taktiki qrupların (BTQ) bir hissəsi faktiki olaraq məhv edilib. Qoşunların qalan hissəsi Rusiya Federasiyasına və Belarusa geri çəkilib.
“BTQ-də bir ovuc hərbi qulluqçu və bəlkə az miqdarda texnikadan başqa heç nə qalmayıb”, - deyə rəsmi bildirib.
O əlavə edib ki, ümumi itkilər baxımından (hərbçi, tanklar, təyyarələr və raketlər) Rusiya Federasiyası ilkin döyüş gücünün 15- 20%-ni itirib. Çıxarılan qüvvələrin bir hissəsi indi Belqorod və Valuykiyə doğru hərəkət edir.
“Lakin orada yeni qoşunların onlara qoşulmaq üçün gözlədiyinə dair heç bir əlamət yoxdur. ...Rusiya BTQ-ləri yerdə qalan qoşunları birləşdirərək, konsolidasiya imkanlarını araşdırır”, - deyə nəşr yayıb.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 700 tankı, 1 891 zirehli döyüş maşını, 333 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarəsi, 135 helikopteri, 1 361 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 112 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.