“Prezident İlham Əliyevin növbəti müddətə bu posta seçilməsindən 4 il ötür. Azərbaycan seçicisi 2018-ci ildə də Prezident İlham Əliyevə böyük etimad göstərib, onu 86,02% səslə dördüncü müddətə Azərbaycan prezidenti seçdi. Əminliklə deyə bilərik ki, İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 4 il ərzində Azərbaycan tarxinin ən şanlı dövrünü yaşadı. İlham Əliyev Ali Baş Komandan kimi Qarabağın işğaldan azad olunmasına imza atmaqla adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış oldu”. Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov Prezident İlham Əliyevin 2018-ci il, 11 aprel tarixində növbəti müddətə prezident seçilməsinin ildönümü ilə bağlı danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, İlham Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmiz üçün yorulmadan çalışıb, bütün beynəlxalq tribunalardan milli maraqlarımızı müdafiə edib:
“Prezident İlham Əliyevin 4 illik fəaliyyəti dövründə Qarabağ münaqişəsi ilə bağlı verdiyi mühüm qərarlara diqqət çəkmək istəyirəm. Ölkə başçısı ötən 4 il ərzində Azərbaycanın əsas problemi olan Qarabağ münaqişəsini həll etməyi bacardı. Şanlı ordumuz 44 gün ərzində böyük uğura imza atdı və 30 ilə yaxın müddətdə işğal atında olan torpaqlarımızı güc yolu ilə azad etməyə nail oldu. Həmçinin cənab Prezident 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi hərbi nailiyyəti siyasi-diplomatik uğura çevirmək yönündə mühüm addımlar atır. Ermənistan təslim aktı imzaladıqdan sonra keçirilən bütün görüşlərə, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə təşkil olunmuş son üçtərəfli toplantıya diqqət yönəltsək, görərik ki, prezident İlham Əliyev Azərbayanın milli maraqlarının müdafiəsi baxımından bir addım belə geri çəkilmir, masada xalqın mövqeyini diqtə edir və İrəvanın geri addım atmasına nail olur. Təbii ki, İlham Əliyevin diplomatik uğurlarının kökündə xalqına və vətəninə olan dərin sevgisi dayanır. Azərbaycan xalqı əmin ola bilər ki, Prezidentin siyasi manevrləri sayəsində post-münaqişə dövründə Qarabağla bağlı atılan bütün imzalar dövlətimizin hədəflərinə uyğun olacaq. Xalqımız ötən dövr ərzində də buna şahidlik edib”.
Prezidentin seçki kampaniyaları zamanı Azərbaycan xalqına verdiyi bütün vədlərin yerinə yetirdiyini deyən Ramin Əhmədov bildirib ki, bu məqam İlham Əliyevin növbəti müddətə dövlət başçısı seçilməsində mühüm rol oynayıb:
“Prezident ilk seçki kampaniyasında bildirmişdi ki, qısa müddət ərzində Azərbaycanda bir dənə də qaçqın şəhərçiyi qalmayacaq. Hazırda isə Azərbaycanda nəinki bir dənə də qaçqın şəhərciyi yoxdur, hətta məcburi köçkünlər dövlətin onlara müvəqqəti yaşamaları üçün verdiyi evləri boşaltmaq üzrədirlər. Çünki artıq Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ işğaldan azad olunub və düşməndən təmizlənən ərazilərə “Böyük qayıdış” başlayıb. Bundan başqa, ölkə başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı verdiyi bütün vədləri yerinə yetirib. Məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Bizim səsimiz BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunalarından gəlir, qlobal güclər Azərbaycan liderinin mövqeyi ilə hesablaşırlar. Regionda İlham Əliyevin imzası olmadan heç bir layihə həyata keçirilə bilməz”.
Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi dövlət proqramları barədə danışan Ramin Əhmədov qeyd edib ki, ümumilikdə ölkə başçısının hakimiyyətdə olduğu illər ərzində neft satışından əldə etdiyimiz böyük maliyyə vəsaiti insan kapitalına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib:
“Hər il dövlət büdcəsindən maaşların, pensiyaların, təqaüdlərin və digər müavinətlərin artırılması üçün milyardlarla manat pul ayrılır. Bu illər ərzində Azərbaycanın bölgələrində yüzminlərlə yeni iş yeri - zavodlar, fabriklər, ticarət obyektləri inşa edilib. Qaçqınların və məcburi köçkünlərin, aztəminatlı ailələrin, əlillərin və bu qəbildən olan digər həssas qrupların sosial rifahının yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edilib. Azərbaycan gəncliyi Prezidentin diqqət və qayğısı ilə əhatələnib. Son 16 ildə əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm sosial layihələr reallaşdırılıb, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb. İlham Əliyev tarixi qələbəmizin memarıdır. Onun sayəsində bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilib. Cənab Prezidentin Qarabağın azadlığı uğrunda göstərdiyi qətiyyət xalqımızın həmişə qürur mənbəyi olacaq. İnanırıq ki, bizi qarşıda daha böyük qələbələr gözləyir”.Missiya.Az