Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək görüşündən əvvəl İrəvanda süni siyasi aktivlik müşahidə olunur. Aprelin 5-də İrəvanın mərkəzində müxalifətin təşkil etdiyi mitinq buna bariz nümunədir. Mitinqin təşkil edildiyi vaxt və Nikol Paşinyan hakimiyyətinin Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesi ilə bağlı verdiyi bəyanatlar sübut edir ki, aksiyalar rəsmi İrəvanın təşəbbüsü ilə təşkil olunub. Ermənistan hakimiyyətinin İrəvanda üçtərəfli görüşdən əvvəl bu tip tamaşaları təqdim etməkdə məqsədi nədir? Proseslər göstərir ki, Ermənistan hakimiyyətinin əsas məqsədi erməni cəmiyyətinin sülhə hazır olmadığını göstərmək və ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır. Ermənistanın əvvəlki rəhbərliyi də bu cür ssenariləri keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə də həyata keçirib. Hakimiyyətdə olan siyasi qüvvə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə edib. Sanki əsas məqsədləri öz siyasi maraqları uğruna xalqı qalxan kimi istifadə etməkdir.
Rəsmi İrəvan öz siyasi məqsədləri üçün xalqdan istifadə etməklə sülh prosesini əngəlləyə biləcəkmi?
Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə etdiyi hərbi nəticələri siyasi-diplomatik uğura çevirməyi bacarır. Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan Qarabağ münaqişəsinin başa çatdığını və post-münaqişə dövrünün başladığını bəyan edir. Ermənistan rəhbərliyi də anlayır ki, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq.
İrəvan gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində əməli işə başlamağa məcbur olacaq. Çünki, rəsmi Bakı Nikol Paşinyanın və onun Qərbdəki havadarlarının hansı planlar cızmasından asılı olmayaraq, konkret mövqe ortaya qoyub və Cənubi Qafqaza dayanıqlı sülhün gəlməsində maraqlıdır. Azərbaycan Cənubi Qafqazdakı sülhün təməli olacaq 5 maddəlik planı da Ermənistana təklif kimi təqdim edib. Rəsmi İrəvan isə təkliflərin məqbul olduğunu açıqlayıb. Amma sülh danışıqlarını sürətləndirəcək heç bir addım atmır. Ermənistan nə qədər qısa müddətdə bu təkliflərin icrası ilə bağlı əməli addımlar atsa, onun üçün daha yaxşı olar.
Ötən dövr ərzində aparılan müşahidələr göstərir ki, prezident İlham Əliyevin üçtərəfli görüşlərdə sərgilədiyi diplomatik bacarıqlar təcrübəsiz siyasətçi Nikol Paşinyanın manevr imkanlarını sıfıra endirir. Ona görə də rəsmi İrəvan bu gün Brüsseldə keçiriləcək görüşə xüsusi ümid bəsləməməlidir və bilməlidir ki, sülh müqaviləsinin imzalamağı ləngitmək üçün göstərdiyi müqavimət heç bir nəticə verməyəcək.
Elvin Məmmədov
Missiya.Az