Son günlər Rusiya tərəfinin ölkəmizə qarşı qərəzli mövqe sərgilədiyinin şahidi oluruq. Bunlardan biri Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbər idi. Həmin xəbərdə Azərbaycan ordusunun Fərrux kəndindən geri çəkildiyi iddia olunurdu. Ancaq Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri təkzib edərək, həmin yüksəkliyin Azərbaycanın nəzarətində olduğunu bəyan etdi. Müdafiə Nazirliyinin bu açıqlamasından sonra isə Rusiya Müdafiə Nazirliyi rəsmi saytından həmin xəbərləri sildi. Ötən gün isə Rusiyanın “Rossiya 1” dövlət televiziyasının efirində yayımlanan “60 dəqiqə” verilişinin canlı efirində Azərbaycana qarşı təhdidlər səsləndirilib. Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu proqramda mövzu birdən-birə Qarabağda baş verən son hadisələrə tərəf istiqamətləndirilib.
Dövlət Dumasının deputatı Mixail Delyaqin Azərbaycan haqqında xoşagəlməz ifadələr işlədib. Delyaqin iddia edib ki, 9 noyabrda imzalanmış bəyanatı Azərbaycan tərəfi pozub. Rusiyalı deputat həmçinin bildirib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıları ilə danışdıqdan sonra geri çəkiləcəyini bildirsələr də, onlar buna əməl etməyiblər. Görünür rusiyalı deputat 9 noyabrda üçtərəfli imzalanmış bəyanatın maddələrindən xəbərsizdir. Həmin bəyanatın 4-cü bəndində açıq qeyd olunub ki, Rusiya sülhməramlılarının bölgəyə daxil olmasına paralel şəkildə silahlı erməni birləşmələri oradan çıxarılmalıdır. Rusiya sülhməramlıları silahlıların Qarabağdan çıxarılması ilə bağlı öhtəlik götürüblər. Ancaq Kreml buna əməl etmədiyi üçün rəsmi Bakı bu işin öhdəsindən özü gəlməyə qərar verdi.
Rusiyanın dövlət kanalında müzakirə mövzusu Rusiya-Ukrayna münaqişəsi olduğu halda necə oldu ki, birdən-birə Qarabağdan danışmağa başladılar? Çox ehtimal ki, həmin kanalda mövzu bilərəkdən dəyişdirilib. Azərbaycana qarşı açıq təhdidlər həm Rusiyanın dövlət telekanalında, həm də Dövlət Dumasının deputatının dilindən səsləndirilməsi təsadüfi deyil. Kreml bir növ onların dili ilə Azərbaycanı təhdid edir, özü demək istədiyi fikirləri onların dili ilə deyir. Verilişə diqqətlə qulaq assaq görərik ki, Azərbaycan ordusunun Qarabağdakı manevrləri və Rusiya Müdafiə Nazirliyini saxtakar çıxarması Moskvanı əməlli-başlı dəliyə döndərib.
Odur ki, Azərbaycan bölgədə qüdrətini artırdığı, müstəqil siyasət yürütdüyü üçün Moskva mütəmadi olaraq bu cür təxribatlara əl ata bilər. Bu səbəbdən, xalq və dövlət olaraq Kremlin hər cür ssenarisinə hazır olmalıyıq. Unutmamalıyıq ki, ayı nə qədər təhlükəlidirsə, yaralı ayı daha təhlükəlidir.
Daşqın Həsənov
Missiya.Az