Şuşalı ailənin həyatından bəhs edən “Mən, atam və oğlum” sənədli filminin təqdimatı olub.
Missiya.Az xəbər verir ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyindən verilən məlumata görə, film İctimai Televiziyanın efirində auditoriyaya nümayiş etdirilib.
Film Bakının Pirşağı qəsəbəsində keçmiş məcburi köçkünlərin kompakt məskulaşdığı “Lokomotiv” şəhərciyində ailəsi ilə birlikdə yaşayan tar müəllimi Anar Əlizadə haqqındadır. Şuşa işğal olunanda 5 yaşlı Anar atasının qucağında ailəsi ilə birlikdə Bakıya pənah gətirib. Otuz il sonra kiçik yaşlı oğlu Məhəmməd və atası Etibar dayı ilə Novruz bayramı ərəfəsində Şuşaya qayıdıb.
Filmdə şuşalı ailənin taleyi, bu illər ərzində onların yaşadıqları acılar, nisgillər və bir gün Şuşaya qayıdacaqları ilə bağlı illər uzunu etdikləri arzuların nəhayət çin olması öz əksini tapıb.
Ekran əsərinin ərsəyə gəlməsində İlkin Mehtiyev (operator), Zaur Sultan (dron çəkilişi), Arzum Nuruşzadə (montaj), Zəka Quliyev (rejissor) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.
Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin icra etdiyi “Oxu Tar!” adlı Şuşaya qayıdışa həsr olunan sənədli filmin layihəsi çərçivəsində hazırlanıb