“Facebook”da məşhur “Gəncə və gəncəlilər” qrupunda “Bu Şəhərdə”nin Gəncədə gözlənilən konserti ilə bağlı paylaşım edilib.
Missiya.Az xəbər verir ki, paylaşımda “Bu Şəhərdə”nin Gəncədə təşkil etməyi planlaşdırdığı konsertinin baykot edilməsinə çağırış olunub.
Paylaşımda deyilir: “Eşitdiyimə görə, erməniyə baş əyənlər ayın sonunda Gəncədə konsert vermək istəyirlər. Bakının bütün saraylarının qapısı onların üzünə bağlanıb. Gəncəni o qədər zəif bilirlər? Bu konsert baykot olunmalıdır. Əks halda Şuşa şəhidlərinə hörmətsizlik edilmiş olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl “Bu Şəhərdə” komandası ilə bağlı böyük qalmaqal yaşanmışdı.
Komandanın ssenaristi və prodüseri Müşviq Abbasovun Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının adını ermənilərin tələbilə "Buta” ilə əvəzləməsi geniş müzakirələrə səbəb olmuşdu.Missiya.Az