AZ   |   RU
Çin Qərb - Rusiya dileması qarşısında - Pekin Moskvaya kömək edəcəkmi?

Rusiya Ukraynaya müdaxilə etdiyi gündən etibarən ilk dəfədir ki, hər hansı ölkədən yardım istəyib. Qərb mediasının məlumatına görə, Rusiya Çindən hərbi və iqtisadi yardım istəyib. 

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək və buna görə də Kreml hərbi təchizatla bağlı yaşana biləcək problemlərdən əvvəlcədən sığortalanmaq istəyir. 

Rusiyanın Çindən hərbi yarım istəməsindən sonra, Vaşinqton Pekinə bu barədə xəbərdarlıq edib. Xəbərdarlığın ardınca, Romada ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Jake Sullivan və Çinin baş diplomatı Yanq Jiechi arasında görüşün keçiriləcəyi ilə bağlı açıqlama verildi. Görüşün gündəliyi əsasən Ukrayna-Rusiya münaqişəsi olacaq və Çinin bu münaqişədə Moskvaya hansısa yardım edəcəyi təqdirdə Pekinin də sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq ediləcək.

Sullivan ötən gün CNN-ə müsahibəsində bildirib ki, biz Çinin Rusiyaya nə qədər iqtisadi və maddi dəstək verdiyini yaxından izləyirik. ABŞ-lı diplomat qeyd edib ki, dünyanın heç bir ölkəsinə Rusiyaya sanksiyalardan xilas olması üçün kömək etməsinə imkan verməyəcəyik. 

Proseslər göstərir ki, Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Qərb ölkələri kimi Rusiyaya qarşı mövqedə dayanmır.
Amma ötən həftə Çinin Rusiya təyyarələri üçün detalların satışını dayandırması rəsmi Pekinin Qərbin ona tətbiq edə biləcəyi sanksiyalardan çəkindiyi anlamına gəlir. Çünki Çinin əsas ticarət tərəfdaşı Avropa ölkələridir. Təbii ki, Çin Avropa Rusiyaya sankisyalar tətbiq etdiyi zamanda Moskva ilə isti münasibətlər qurmağa çalışsa, Qərb dövlətlərinin sərt reaksiyası ilə üzləşəcək.

Daşqın Həsənov
Missiya.Az 


  • 14-03-2022, 17:01