“Bu tarixi səfərin Türkiyə-İsrail münasibətlərində yeni dönüş nöqtəsi olacağına inanıram. Əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirdik. Həmçinin Fələstin məsələsində həssaslığımızı bir daha açıq şəkildə ortaya qoyduq”.Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun səfəri ilə bağlı keçirilən brifinqdə deyib.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən İsrail Prezidenti İsaak Hersoq deyib ki, məqsəd ölkələr və xalqlar arasında dostluq münasibətlərinin genişlənməsinin təməlini qoymaqdır:
“Biz birlikdə gələcəyə baxmaq yolunu seçmişik. Anlaşılmazlıqları gələcəyə baxaraq aradan qaldıracağıq”.
Dövlət başçıları enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Həmçinin Türkiyə hökumət üzvlərinin İsrail və Fələstinə səfəri ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, bu, İsrail Prezidenti qismində son 14 ildə Türkiyəyə ilk gəlişdir. Sonuncu dəfə 2008-ci ildə Prezident Şimon Peres Türkiyəyə səfər edib.