Azərbaycan qadını, hər zaman özünün milli-mənəvi keyfiyyətləri və faəliyyəti ilə nümunə olmağı bacarmışdır. Tarix boyu Azərbaycan qadını dövlət idarəçiliyində, ölkəmizin ictimai, siyasi, sosial, elmi, mədəni həyatında fəal iştirak etmiş, üzərinə düşən vəzifələrin öhtəsindən layiqincə gəlmişdir.
Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, müstəqillik əldə etdikdən Azərbaycanda qadın hüquqlarının müdafiəsi, dövlət idarəçiliyində qadınların iştirakının daha da artırılması istiqamətində böyük işlər həyata keçirilmişdir. Ölkəmizdə dövlət qadın siyasətinin əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümumilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmət bəsləmiş, idarəçilikdə qadınlara xüsusi yer ayırmış, ümumilikdə dövlət qadın siyasəti sahəsi üzrə bir sıra Fərman və Sərəncamlar imzalamışdır:
“Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçımız hər il Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, öz fəaliyyətində fərqlənən qadınları fəxri adlarla, ordenlərlə və medallarla təltif edir. Eyni zamanda cənab prezident İlham Əliyev tərəfindən dövlət qadın siyasəti sahəsində böyük işlər həyata keçirilmiş, Sərəncamlar, Qanunlar imzalanmış, dövlət proqramları icra olunmuşdur ”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz çoxşaxəli və zəngin fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında layiqincə təmsil edir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın bir sıra ölkələrində xeyriyyə aksiyaları keçirilmiş, layihələr reallaşdırılmışdır. Eyni zamanda ölkəmizdə qadın siyasəti ilə bağlı qanunların qəbul olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi oynamışdır:
“Xeyirxah işləri, humanist fəaliyyəti ilə Mehriban xanım Əliyeva beynəlxalq miqyasda Azərbaycan qadınının nüfuzunu və adını daha da yüksəklərə qaldırmışdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza söykənən və ənənələrimizi yaşadan böyük layihələrin uğurla həyata keçirilməsi, Azərbaycan qadınının mərhəmətinin, xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərinin bariz nümunəsidir.
Azərbaycan qadını dövlət idarəçiliyindəki fəaliyyəti ilə yanaşı Vətənin müdafiəsində və döyüş meydanlarında böyük fədakarlıq, şücaət nümayiş etdirmişdir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan qadınının göstərdiyi şücaət və qəhrəmanlıq hər bir azərbaycanlının şərəf və qürur mənbəyinə çevrilmişdir. Azərbaycan Anasının vətənpərvərlik ruhunda tərbiyə etdiyi, böyüdüb boya başa çatdırdığı qəhrəman Azərbaycan oğulları torpaqlarımızı düşmən işğalından azad etdi.
Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıram”.