Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarından sonra rusiyalı milyarderlərin sərvəti azalıb.Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.
Belə ki, Rusiyanın 21 ən varlı şəxsi bu il ümumi olaraq 84 milyard dollar itirib.
Rusiyanın Ukraynaya hərbi hücumu başlayandan bəri onların maliyyə itkiləri iki dəfədən çox artıb. Milyarderlər hücumdan sonra cəmi bir gündə 39 milyard dollar itirib. Bu, ötən həftə ölkənin birja bazarında 50% dəyər itirməsinə gətirib çıxarıb.
Rusiya milyarderləri arasında ən çox itki verən "Lukoyl"un sədri, əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. O, bu il 14 milyard dollar, yəni öz sərvətinin 60 faizini itirib. “Bloomberg”ə görə, onun indi sərvəti 8,8 milyard dollardır.
Rusiyanın ən zəngin adamı Vladimir Potanin 6,2 milyard dollar itirib və hazırda sərvəti 24,7 milyard dollara düşüb. Onun prezidenti olduğu “Norilsk Nikel”in səhmlərinin qiyməti London birjasında 56 faiz ucuzlaşıb.
Ural Mədən-Metallurgiya Şirkətinin prezidenti İskəndər Mahmudov milyarderlər siyahısından tamamilə çıxıb.
Andrey Melniçenko bu il qazanc əldə edən yeganə rusiyalı milyarderdir. “Bloomberg”ə görə, onun sərvəti əsasən şəxsi gübrə şirkəti “EuroChem” və termal kömür firması SUEK-dən əldə edilir.
Hələ Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl ABŞ və Böyük Britaniya artıq rus oliqarxlarına və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
“Reuters”in məlumatına görə, Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən şəxslər arasında Putinlə yaxın əlaqələri olan oliqarx Gennadi Timçenko da var. Onun sərvəti bu il 11,3 milyard dollar azaldıqdan sonra indi 11,1 milyard dollar təşkil edir