AZ   |   RU
Prezident BMT-nin iclasında çıxış etdi

Bu gün BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr keçirilib.

Missiya.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxışı təqdim olunub:
-Cənab Sədr.
Cənab Baş katib.

Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış etməkdən şərəf duyuram.

Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasının sədri cənab Abdulla Şahidin COVID-19 pandemiyası ilə mübarizədə universal peyvəndlənməyə dair belə yüksək səviyyəli tematik müzakirələrin keçirilməsi təşəbbüsünü təqdir edir. Bu toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.

Biz, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolunu vurğulayırıq. Bu mənada biz Ümumdünya Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd edirik.

Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür.

2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.

COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir.

COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur.

Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir. Buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi də daxil edilməlidir.

Biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik.

Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq.

  • 25-02-2022, 21:00