Parlamentin ötən gün keçirilən plenar iclasında deputat Tahir Kərimli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini tənqid edən fikirlər səsləndirib. “Yaxınlarda mənə məlum oldu, AQTA Yasamalda göyərti satanı 1400 manat cərimə edib. Göyərti satan sənin 1400 manat cəriməni nə vaxt qaytaracaq? İnsaflı olmaq lazımdır axı”, - millət vəkili iddia edib.
Missiya.Az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi deputatın fikirləri ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Tahir Kərimlinin Agentliyin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər araşdırılıb:
“Nəzərinizə çatdırırıq ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bugünədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq.Qeyd edək ki, AQTA özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, qida zənciri boyu qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir”.