Bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib. Səfər zamanı Tokayev Kreml rəhbəri Vladimir Putinlə görüşəcək. Bu səfər daha erkən baş tutmalı idi. Ancaq Rusiyanın başı Ukrayna ətrafında baş verən hadisələrə qarışdığı üçün, səfər bir qədər gecikib. Çox güman ki, Kreml rəhbəri Tokayevi Moskvaya çağırıb Nazarbayevsiz Qazaxıstanın gələcək daxili və xarici siyasət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparmaq niyyətindədir. Təbii ki, Qazaxıstanın Nazarbayevin dövründə yeritdiyi siyasət Moskvanı narahat etməyə bilməzdi. Ona görə də Tokayevin Putinlə görüşündə əsas müzakirə mövzularından birinin Nazarbayevin dövründə yürüdülən siyasətdən imtina edilməsi ilə bağlı atılacaq addımlar ola bilər. Məsələn, Moskva Qazaxıstanda rus dilinin təsir gücünün artırılmasında və Nur-Sultanın Türk dünyasına inteqrasiyasının zəiflədilməsində çox maraqlıdır. Putinin Tokayevlə aparacağı müzakirələrinin əsasını bu iki məsələnin təşkil edəcəyini ehtimal etmək olar.
Rəsmi Moskva yaxşı başa düşür ki, Qazaxıstan Orta Asiyada mühüm geosiyasi coğrafiyada yerləşir və Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir.
Uzun illər Rusiyanın nəzarətində olan Qazaxıstanın Türkiyəyönümlü siyasət aparması əlbəttə ki, Moskvanı qıcıqlandırmaya bilməzdi. Təbii ki, Qazaxıstanda baş verən olaylar əslində elə Türkiyəyönümlü siyasət yürüdən Nazarbayevin gedişinə hesablanmışdı. Hazırda Putin Tokayevin vasitəsilə Qazaxıstanda təsir gücünü artıra bilər. Təbii ki, Rusiyanın Qazaxıstandakı təsir gücünün artması Türkiyənin əlini zəiflədir. Kreml rəhbəri Qazaxıstanda nəzərati əlində saxlamaqla Orta Asiyaya nəzarəti gücləndirmək istəyir.
Daşqın Həsənov
Missiya.Az