Fevralın 8-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin qərargahında Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə Niderlandda fəaliyyət göstərən Hollanda Azərbaycan-Türk Kültür Dərnəyi rəhbərliyi arasında növbəti görüş keçirilmişdir.
Missiya.Az xəbər verir ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkını salamlayaraq Dərnək olaraq son 20 ildə Niderlandda Azərbaycan həqiqətlərinin təbliği sahəsində göstərdikləri fəaliyyəti yüksək qiymətləndirdi, indiki gəlişi zamanı Azərbaycan qazilərinə 100 ədəd müasir əlil arabaları və digər yardımlar gətirməsinə, ünvanlarına çatdırmasına görə də xüsusi təşəkkür etdi.
Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında bir daha ətraflı məlumat verdi, həm Veteranlar təşkilatında əlil arabalarının qazilərə çatdırılması mərasimində iştirakına, həm Sumqayıtda Qərbi Azərbaycan İcması tərəfindən keçirilən konfransda iştiraka dəvət etdikləri üçün QAİ rəhbərliyinə minnətdarlığını bildirdi.
Tərəflər hər iki təşkilat arasında artıq reallaşan əməkdaşlığı gələcəkdə mütləq davam etdirməyin zəruriliyini qeyd etdilər. Bu əməkdaşlığın xüsusilə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacağını vurğuladılar. “Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsi 44 günlük Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra dövlət və millət olaraq bizim əsas hədəflərimizdəndir. Erməni faşizmi bütün insanlığa qarşı təhlükədir, təhdiddir və bu təhlükə sona qədər ifşa olunmalı, kökü kəsilməlidir. Təəssüf ki, yüzillər boyu ermənilər öz faşist xislətlərini gizləyərək dünyanı xeyli dərəcədə öz yalanlarına inandırmışlar. Buna görə də dünyanın bütün Azərbaycansevər qüvvələri birləşməli, Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıdır. Bu məsələdə Qərbi Azərbaycan İcması öz tarixi məsuliyyətini dərk edir və xaricdə, xüsusilə Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatlarına var gücü ilə dəstək verməyə çalışacaqdır”, – deyə millət vəkili Əziz Ələkbərli bildirdi.
Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın rəhbərlik etdikləri təşkilatlar arasında Əməkdaşlıq Protokolu imzaladılar.
Tədbirin sonunda Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin baçqanı rəhbərlik etdiyi təşkilat adından qazilərimizə və imkansız ailələrə yardım bağlamaları payladı.