AZ   |   RU
Rusiyanın böyük qaz layihəsi təhdid altındadır – Vaşinqtonun Moskvanı sıxışdırma planı

Fransa prezidenti Emmanuel Makron Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra, prezident Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya səfər edib. Makron və Zelenski təkbətək görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər. Makron mətbuat konfransında qeyd edib ki, yaranmış situasiyanın  bir neçə saatlıq danışıqlar yolu ilə həll olunması mümkünsüzdür. 

“Bu böhranla bağlı irəliləyişə nail olmaq üçün, günlər, həftələr və hətta aylar lazımdır”. 

Zelenski isə öz növbəsində Makronun vəd etdiyi, Putindən alacağı hər hansı zəmanətə şübhə ilə yanaşdığını açıqlayıb. Zelenski sözlərə inanmadığını, hər bir siyasətçinin konkret şəffaf addımlarına önəm verdiyini vurğulayıb.

Beləliklə, Putin və Zelenskinin açıqlamalarını diqqətlə izləyəndə belə təsəvvür yaranır ki, Makronun Ukrayna böhranı ilə bağlı keçirdiyi görüşlər və səylər nəticəsi qalacaq. 

ABŞ Rusiyanı “Şimal axını - 2” layihəsi ilə sıxışdırmağa çalışır 

Ümumiyyətlə, Ukrayna-Rusiya münasibətləri bu gün dünyanın əsas dövlətlərinin demək olar ki, gündəlik müzakirə mövzusudur. Belə ki, bazar ertəsi Makron Kremldə Putinlə görüşərkən, Ağ Evdə ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şelzi qəbul edib. Ağ Ev rəhbəri bildirib ki, Almaniyanın Ukrayna ilə bağlı sərgilədiyi mövqeyindən məmnun deyil. Məlumdur ki, bir neçə gün bundan öncə Almaniya hökuməti Ukraynaya silah satmaqdan rəsmən imtina edib. Onlar hətta bununla kifayətlənməyərək Ukraynaya silah satan dövlətlər üçün öz hava məkanlarını da bağlayıblar. Bayden Olaf Şelzlə keçirdiyi mətbuat konfransında Ukrayna böhranı ilə bağlı Rusiya əleyhinə sərt fikirlər səsləndirib. Ağ Ev rəhbəri qeyd edib ki, Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə rəsmi Moskva ağır sanksiyalara məruz qalacaq və Rusiya-Almaniya arasında “Şimal axını-2” təbii qaz kəməri layihəsi baş tutmayacaq. 

Olaf Şelz də çıxışı zamanı - “əmin ola bilərsiniz, bizim heç bir  yanaşmamız sizin mövqeyinizdən fərqli olmayacaq. Lazımi addımlar hamımız tərəfindən birlikdə atılacaq”, – fikirlərini səsləndirib. 

Olaf Şelz hətta təmsil etdiyi dövlətin Rusiyanın Ukraynanı işğalı məsələsində  ABŞ-la eyni mövqedə olduğunu vurğulayıb. Şelzin bu fikirləri Almaniyanın ABŞ-la birlikdə “Şimal axını-2” layihəsində də eyni mövqedə olduğunun təəssüratını yaratmış olur.

Qeyd edək ki, tamamlanması nəzərdə tutulan və layihəsinə 10 milyard avrodan çox pul xərclənən “Şimal axını-2” layihəsinin Baltik dənizindən keçməklə Almaniyaya nəql edilməsi nəzərdə tutulur. Rusiyanın “Şimal axını-2”  boru kəməri vasitəsilə ildə 55 milyard kubmetr təbii qaz ixrac edəcəyi nəzərdə tutulur. Bu layihə Rusiya iqtisadiyyatına ildə milyardlarla dollar qazandıra bilər. Layihənin tamamlanmaması böhran vəziyyətində olan Rusiya iqtisadiyyatına növbəti ağır zərbə ola bilər.

Daşqın Həsənov
Missiya.Az

  • 9-02-2022, 17:35