AZ   |   RU
“Ermənistanda demokratik normalar deqradasiyaya uğrayıb” - “Freedom House”
“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı Ermənistanda ağır təhqir maddəsi ilə ilk hökmün çıxarılmasından narahatlığını ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilatın Tvitter hesabında bildirilib.

“Bu, demokratik normaların açıq-aşkar deqradasiyasını göstərir və Ermənistanda ifadə azadlığı üçün təhlükədir”, - təşkilatdan qeyd edilib.

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvan şəhərinin sakini ölkənin Baş naziri Nikol Paşinyanı təhqir etdiyinə görə 1000 dollar cərimə olunub.

Sözügedən şəxs ötən ilin sentyabr ayında polisə zəng vuraraq Paşinyanın, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın və onların ailəsinin ünvanlarına seksual xarakterli təhqirlər səsləndirib. Buna səbəb isə həmin şəxsin ictimai nəqliyyatın işindən narazı olması olub.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, o, məhkəmədə günahını etiraf edib.

Qeyd edək ki, Ermənistanda dövlət və məmurlara ağır təhqirlərə görə məsuliyyətə cəlb etmə haqqında sözügedən qanun 2021-ci il avqustun 30-da qüvvəyə minib. 31 dekabr 2021-ci il tarixinə kimi bu maddə ilə 263 cinayət işi başlanılıb. Onlardan 214-ü barədə istintaq davam edir, 31 nəfərə qarşı ittiham irəli sürülüb, yeddi iş məhkəmədədir.

  • 5-02-2022, 17:23