İki dövlət, bir millət olan Azərbaycan və Türkiyə Qafqaza sülh və əmin-amanlıq gətirmək üçün əllərindən gələni edirlər.
Missiya.Az xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü zamanı səsləndirib.
Tərəflər arasında əvvəlcə təkbətək, sonra nümayəndə heyətlərilə birgə keçirilən görüşlərdən sonra birgə mətbuat konfransı da təşkil olunub.
Tədbirdə çıxışı zamanı Akar Şuşa bəyannaməsinin əhəmiyyətinə toxunub:
“Şuşa Bəyannaməsi bizim yolumuzu və strategiyamızı müəyyən edən sənəddir. Bu sənəd istiqamətində apardığımız işlər var. Hərbi təlim və əməkdaşlıqla bağlı fəaliyyətlərimiz davam edir. Bu fəaliyyətlərlə yanaşı, müdafiə sənayesi və silahlı qüvvələrimizin texniki təchizatı istiqamətində də nə edə biləcəyimizi müəyyənləşdiririk. Bu mövzularda da mühüm addımlar atmağa davam edirik”, - deyə nazir bəyan edib.
Azərbaycan ordusunun 44 gün davam edən Vətən Müharibəsi ilə işğal altındakı torpaqları geri aldığını xatırladan Akar Ermənistana uzadılan sülh əlini dəyərləndirməsini gözlədiklərini vurğulayıb:
“Əhəmiyyətli məsələlərdən biri də prezidentimizin və cənab Əliyevin danışıqlarından sonra Ermənistana sülh əli uzatmasıdır. Biz gözləyirik və ümid edirik ki, bu sülh əli qarşı tərəfdən lazımınca qiymətləndiriləcək. Bu yolla nəinki Azərbaycan-Ermənistan və ya Ermənistan-Türkiyə, hətta bütün Qafqazda sülh və firavanlıq hökm sürəcək”, - deyə Akar bildirib.
O, həmçinin Azərbaycan ordusunun və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində göstərilən səylərdən də danışıb:
“Bildirmək istəyirəm ki, Azərbaycan ordusunun və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi başqa ölkələr üçün təhlükə deyil. Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın daha da inkişaf erməsindən də çox məmnunuq. Azərbaycan və Türkiyə, "iki dövlət, bir millət" Qafqaza sülh və əmin-amanlıq gətirmək üçün əlindən gələni edir. Ümid edirik ki, tezliklə bölgədə hamı sülha və əmin-amanlıq içində yaşayacaq”, - Türkiyənin müdafiə naziri qeyd edib.