Rusiyanın paytaxtı Moskvada erməni əsilli faşist Qaregin Njde haqqında filmin nümayişinə qadağanın qoyulması Ermənistanda ciddi narazılığa səbəb olub.
Missiya.Az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrində Serob Marutyan imzası ilə dərc olunan yazıda film ətrafında baş verənlərin - filmin nümayişinə qadağanın qoyulmasının həm kifayət qədər maraqlı, həm də düşündücü olduğu qeyd edilib.
Müəllif yazır ki, filmin yayımlanması ilə bağlı qərar bir saat və ya bir gün ərzində verilməyib. Sitat:
“Təbii ki, bir neçə gündür anons nümayiş etdirilir. Odur ki, sual yaranır ki, bu qədər “həssas” olan Rusiya hakimiyyəti əvvəldən Moskvada Njde haqqında filmin nümayiş etdiriləcəyindən xəbərsiz idi? Bu hay-küyə nə ehtiyac var idi? Niyə qadağa qoymaq üçün filmin nümayiş etdiriləcəyi günü gözlədilər? Rusiya dövlətinin mövcud vəziyyətini, xüsusi xidmət orqanlarının və təhlükəsizlik qüvvələrinin sayıqlığını, cəmiyyətə ümumi təzyiqlərini nəzərə alsaq, film nümayişinin gözdən yayındığını deyə bilməyəcəyik. Mümkün deyil ki, Njdeyə aid filmin nümayişindən səlahiyyətli qurumların xəbəri olmayıb”, - sitatın sonu.
Müəllif yazıda faşist Njde haqqında yayımlanması planlaşdırılan filmə birbaşa Kremldən qadağa qoyulduğu iddia edir.
Sitat: “Rusiya hakimiyyəti və hökumətin müəyyən qanadlarının siyasi maraqları nədən ibarətdir? Onlar niyə belə bir hay-küyün yaranmasını istədilər? Kremlin birbaşa göstərişi olmadan belə nümayişkəranə qadağanın qoyulmasını düşünmək sadəlövlük olardı. Odur ki, bu kampaniya kimə qarşı yönəlib? Ermənistana, Rusiya Erməniləri İttifaqına, Ermənistanın Rusiyadakı səfirliyinə, Rusiyanın erməni icmasına yoxsa ümumilikdə erməni xalqına qarşı yönəlib? Bu vacib sualın cavabı nəyin bahasına olursa olsun alınmalıdır”, - sitatın sonu.
Serob Marutyan qeyd edib ki, Kremlin nümayişkaranə şəkildə Njdeyə aid filmə qadağa qoyması Bakının əlini gücləndirir. Sitat: “Qadağa Bakını “erməni faşizmi” barədə daha çox danışmağa ruhlandırır. Həmçinin bu qadağa ermənilər arasında anti-Rusiya əhval-ruhiyyəsi yarada bilər. Burada problem filmin nümayişinə icazə verməməkdə deyil. Əsas problem icazənin verilməmə qaydasındadır. Bütün bunlar Rusiyanın cavablandırmalı olan suallardır. Ölkəmizdə Rusiya dövlətini səfir Sergey Kopirkin təmsil etdiyi üçün suallara ondan cavab gözləyirik”, - sitatın sonu.
Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən filmin yayımı “Rusiya veteranları” ümumrusiya ictimai birliyinin şikayəti əsasında polisin müdaxiləsi ilə dayandırılıb, filmin nümayişinə gələnlər isə ərazidən uzaqlaşdırılıb. Rusiya veteranları da Njdenin xatirəsini anmağı faşizmə qarşı vuruşan insanlara təhqir kimi qiymətləndirirlər. Qeyd edək ki, Azərbaycan rəhbərliyi də dəfələrlə Ermənistanın hakimiyyətinin faşist Njde ilə bağlı yürütdüyü siyasəti, apardığı təbliğatı pisləyən bəyanatlar yayımlayıb. Görünən odur ki, Azərbaycan və Rusiya hakimiyyətləri faşizmin qalıntılarına qarşı mübarizədə vahid mövqedən çıxış edir.
Elvin
Missiya.Az