AZ   |   RU
Ermənistan Rusiyaya qarşı təşkil olunmuş NATO təlimlərindən imtina etdi

Ermənistanın Müdafiə Nazirliyi NATO-nun “Defender Europe 2021” təlimində iştirak edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, nazirliyin Müdafiə Siyasəti İdarəsinin rəisi Levon Ayvazyan “Sputnik Ermənistan” saytına açıqlamasında yayılan xəbərlərin yalan olduğunu, Ermənistanın həmin təlimlərdə iştirak etməyəcəyini açıqlayıb.

O, yayılan xəbərləri şaiyə adlandırıb və Müdafiə Nazirliyinin mətbuat xidmətinin daha sonra şərh verəcəyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl rusiyalı hərbi junralist Aleksandr Xarçenko İrəvanın, ABŞ qoşunlarının Rusiya sərhədlərinə atılması üzrə keçirəcəyi  "Defender Europe 2021" NATO təlimlərində iştirak etməyi planlaşdırdığını yazmışdı. O iddiasını iştirakçıların adlarının olduğu infoqrafikada Ermənistan bayrağının olması ilə əsaslandırmışdı.

Qeyd edək ki, Nikol Paşinyan hökuməti ilə rəsmi Moskvanın münasibətləri gərgindir. Paşinyanın Rusiya istehsalı “İskəndər” raketləri barədə dediklərindən sonra Ermənistan ordusu ilə hökumət arasında münasibətlər korlanıb. Bu gərginliyin arxasında Rusiyanın dəstəklədiyi Baş Qərargah rəisi Onik Qasparyanın və onun nəzarəti altında olan generalların dayandığı bildirilir. Çox ehtimal ki, Ermənistan hökuməti Rusiya ilə əlaqələri tam gərginləşdirməmək üçün NATO-nun Moskvaya qarşı təşkil etdiyi təlimlərdə iştirakdan imtina edib.

Elvin
Missiya.Az

















  • 18-03-2021, 16:05