“Qazaxıstan hadisələri həm də Türk dünyasına qarşı atılmış addımdır. Bu proseslər göstərir ki, biz nəticələri təhlil edərək təhlükələri önləyəcək müvafiq fəaliyyət proqramları tərtib etməliyik”.Bu sözləri Türk Ağsaqqalları Birliyi-TAİB-in Təşkilat Komitəsinin sədri akademik Südeif İmamverdiyev Qazaxıstanda baş verən hadisələri şərh edərkən bildirib.
“Qardaş Qazaxıstanda yaşanan olaylar hər birimizi dərindən üzür və kədər hissi yaşadır. Çox təəssüf ki, Türküstanın ən güclü dövlətlərindən olan Qazaxıstanda xoşagəlməz hadisələr baş verir. Qazaxıstan Türk birliyinin yaranmasında fəal iştirak edib. Deyərdim ki, Türk Dövlətləri Təşkilatına öz səmərəli töhfəsini verib və bunun üçün yetərincə cabalar göstərib. Bizim üçün qardaş Qazaxıstanın müstəqilliyi və stabiliyi vacib şərtdir”.S.İmamveriyev qeyd edib ki, yaşanan hadisələrə müxtəlif aspektlərdən yanaşmaq və təhlil etmək mümkündür: “Ancaq ortada reallıq var: Qazaxıstan hadisələri Türk dünyasına böyük zərbədir. Müşahidələrimiz bunu göstərir. Bu cür təxribatçı addımlar və ixtişaşlar digər türk dövlətləri üçün nəticə çıxartmağı tələb etməklə yanaşı, birgə mübarizənin labüdlüyünü zəruri edir. Ancaq biz yaşanan hadisələrə görə ruhdan düşməməliyik və bunu özümüzə yaxın buraxmamalıyıq. Əksinə, biz indi türk dövlətləri arasında inteqrasiyasının daha da sürətlənməsinə çalışmalıyıq. Türk gəncliyi, ziyalıları fəaliyyətlərini ikiqat artırmalıdırlar. Biz Türk Ağsaqqalları Birliyi olaraq bu yöndə üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik. Türk dövlətlərinin ziyalıları, elm və mədəniyyət adamları ilə əlaqələrimizi daha da genişləndiririk. Hesab edirik ki, türk birliyinin möhkəmləndirilməsi istiqamətində indi daha çox çalışmalıyıq” - deyə, Sudeif İmamverdiyev vurğulayıb.
Missiya.Az