AZ   |   RU
Qərbi Azərbaycan İcması 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunan tədbir keçirib
 
Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının, İcmanın Ankara təmsilçiliyinin və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə “31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş videoformatlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin adından tədbir iştirakçılarını təbrik edərək,  onlara ən xoş arzularını çatdırıb.  O,qeyd edib ki, Dünya  Azərbaycanlılarının həmrəyliyi günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixidir: “Bu gün dünyanın harasından yaşamasından asılı olmayaraq bütün xalqımız birlik, bərabərlik nümayiş etdirir. Bu əlamətdar gün 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında zatən mövcud olan birlik və həmrəyliyin yaradılması istiqamətində əvəzsiz rol oynayır”.

Qərbi Azərbaycan İcmasının sədr müavini Mirfaiq Mirheydərli xalqımızın müstəqillik və həmrəylik uğrunda keçdiyi şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı imzaladığı qərarın tarixi əhəmiyyətindən, Ümummilli Liderin Vətən sevgisindən, Azərbaycanın dünyada tanıdılması, xaricdə yaşayan soydaşlarımızın tarixi vətənləri ilə sıx əlaqə qurması istiqamətində gördüyü işlərdən danışıb və qeyd edib ki, hər bir azərbaycanlının hal – hazırda ən ümdə borcu müzəffər Ali Baş Komandan İlham Əliyevə informasiya müharibəsində dəstək olmaqdır.

Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri Dr.Oktay Hacımusalı tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra respublikada həyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunub, dövlətçiliyimizin milli dayaqları sarsılmaz təməllər üzərində qurulub. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə bütün qüvvəsini Vətənimizi üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəldib. “Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin bütün ideyalarını həyata keçirməklə dünyada yaşayan azərbaycanlılara hər zaman dəstəyini nümayiş etdirir. Bu gün dünya xəritəsində zəfər qazanan bir Azərbaycan var və hər zaman da var olacaq”.

Daha sonra çıxış edən Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı Mərdan Tağıyev qeyd edib ki, ulu Gəncə torpağında da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il böyük sevinclə qeyd olunur. Ümummilli lider, Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir ki, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız bu bayramı iftixar və qürur hissi ilə keçirirlər. Həmçinin natiq onu da vurğulayıb ki, eyni zamanda 30 dekabr tarixinin Gəncə və gəncəlilər üçün xüsusi önəmi var. Belə ki, 1989-cu ilin məhz bu günü Azərbaycan xalqının tarixində önəmli yeri olan, günü-gündən gözəlləşən ulu Gəncənin əzəli və əbədi adı özünə qaytarılıb. M.Tağıyev çıxışı zamanı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışaraq, hər kəsi həmrəyliyə, birliyə çağırıb.



  • 30-12-2021, 16:09