AZ   |   RU
"Həqiqət budur ki, göstərilən rəqəmdən 10 dəfə çox ərazi itirmişik" - Robert Köçəryan Ermənistan ordusunun geri çəkilməsindən danışdı

“Ermənistan hakimiyyəti deyir ki, 40 kvadrat kilometrdən çox ərazi Azərbaycanın nəzarətinə keçib. Amma həqiqət budur ki, göstərilən rəqəmdən 10 dəfə çox ərazi itirmişik”. 

Missiya.Az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan bu gün İrəvanda keçirdiyi illik mətbuat konfransında deyib.
 
Köçəryan bildirib ki, Ermənistan ordusu Naxçıvan istiqamətində hələ 44 günlük müharibədən əvvəl geri çəkilib. Sabiq prezident 44 günlük müharibə nəticəsində Ermənistan ordusunun verdiyi itkilərin konkret sayının açıqlanmadığını deyib. 
 
Robert Köçəryan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələrinə də toxunub və bildirib ki, rəsmi İrəvanın KTMT-dəki mövqeyi çox zəifdir. 
 
Sitat: “Azərbaycanla gərginlik zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edəcəklərini deyirdilər. Amma heç vaxt müraciət etmədilər. Bizim KTMT-də mövqeyimiz zəifdir. İki il əvvəl Təşkilatın baş katibini həbs etdiyiniz qurumla necə əlaqələri saxlaya bilərsiniz? Azərbaycan KTMT-nın üzvü deyil amma Bakının Təşkilata daxil olan dövlətlərlə münasibəti İrəvanın münasibətindən daha yaxşıdır”, - sitatın sonu. 

 
Qeyd edək ki, Ermənistandan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər bir üzvü – Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və rəsmi Bakı ilə çox yaxşı münasibətlərə malikdirlər.

Elvin
Missiya.Az


  • 27-12-2021, 17:01