AZ   |   RU
Ceyhun Bayramov növbədənkənar iclasda çıxış etdi
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı keçirilən növbədənkənar iclasında çıxış edib.

XİN-dən Missiya.Az-a verilən məlumata görə, iclasın çağırılması təşəbbüsünə görə İƏT sədri Səudiyyə Ərəbistanı Krallığına və tədbirə ev sahibliyi etdiyinə görə Pakistan tərəfinə təşəkkür ifadə edən nazir, çıxışında əsas məqamları səsləndirib.

XİN rəhbəri bildirib ki, təşkilatın təsisçi dövlətlərindən biri olan Əfqanıstanda vəziyyətin gərginləşməsi regional və qlobal səviyyədə ciddi problemlər yaradır və ümumi narahatlıq mənbəyidir. Əfqanıstandakı böhranın dəhşətli humanitar nəticələri yüz minlərlə günahsız insanın həyatını təhlükə altına qoyduğu üçün bütün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edir.

Nazir qeyd edib ki, İslam həmrəyliyinin nəcib prinsipi əsasında qurulan İƏT-in bu çətin zamanda əfqan bacı və qardaşlarımızın yanında olmaq məsuliyyəti var:

“Humanitar yardım sahəsində son illərdə toplanmış mühüm təcrübə və yaradılmış mexanizmlər və təsisatlar sayəsində İƏT Əfqanıstandakı humanitar vəziyyətin həllində aparıcı rol oynamaq üçün yaxşı mövqeyə malikdir. Təşkilatın məsul üzvü kimi Azərbaycan, İƏT-in bu istiqamətdə səylərini dəstəkləməyə hazırdır”.

  • 19-12-2021, 16:12