“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Media haqqında” qanun layihəsi barədə çaşdırıcı fikirlər səsləndirib. Mehman Əliyev hesab edir ki, “Media haqqında” yeni Qanun layihəsi, KİV əməkdaşlarının cəmiyyət qarşısındakı öhdəliklərini kəskin şəkildə məhdudlaşdırır. Onun fikrincə, vahid reyestrin, yeni vəsiqələrin tətbiqi, dövlətin İnternet-platformalarının fəaliyyətinə lisenziya vermək hüququ və akkreditasiya orqanının icazəsilə jurnalistlərin akkreditasiyası dövlətin KİV üzərində nəzarətini gücləndirmək məqsədi daşıyır. Tamamilə əsassız fikirlər, yeni qanun layihəsinin mahiyyətilə uzlaşmayan düşüncədir.
Birincisi, “Media Haqqında” yeni qanun layihəsi uzun müddətdir ki, ictimaiyyətin müzakirəsindədir. Mehman Əliyevin özü də daxi olmaqla, peşəkar və uzun illər jurnalist təcrübəsi olan mətbuat işçiləri Milli Məclisə dəvət olunublar, onların təklifləri və iradları müzakirə edilib. Əgər dövlət KİV işçilərinin fəaliyyətini kəskin şəkildə məhdudlaşdırmaq fikirində olsaydı, heç ictimai rəyə müraciət etməzdi. İkincisi, “Media Haqqında” yeni qanun layihəsi bütün beynəlxalq norma və prinsiplərə uyuğundur. Hər bir jurnalistin məlumat almaq, araşdırma aparmaq hüququ qüvvədə saxlanılır. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurasının birgə cavabında bu məqamla bağlı tutarlı arqumentlər yer alıb. “Qanun layihəsi beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Layihənin ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb”, - açıqlamada belə qeyd olunub.
Üçüncüsü, jurnalistlərə vəsiqələr məcburi deyil, könüllük əsasında veriləcək. Ona görə də dövlətin mediaya nəzarəti gücləndirdiyi, jurnalistlərin məlumat toplamaq imkanlarını məhdudlaşdırdığı barədə səsləndirilən fikirlərin əsası yoxdur. Əksinə, vəsiqə əldə edən mətbuat işçilərinə xüsusi güzəştlər ediləcək. Bu gün Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurasının birgə açıqlamasında jurnalistlərə vəsiqələrin verilməsi ilə bağlı narahatedici məqamlara toxunulub:
“Layihədə çoxsaylı müzakirələrə səbəb olan məsələlərdən biri jurnalist vəsiqələrinin verilməsidir. Bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Müvafiq vəsiqənin adı “vahid jurnalist vəsiqəsi” deyil, sadəcə “jurnalist vəsiqəsi”dir, o, jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və əldə edilməsi üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur”, - deyə açıqlamada vurğulanıb.
Mehman Əliyevin fikirlərindən belə anlaşılır ki, ölkədə qanunlar tətbiq olunmamalıdır, jurnalistika sahəsində hökm sürməlidir. Azərbaycanda bütün sektorlarda münasibətlər qanunlarla tənzimlənir və bu qanunlar müntəzəm şəkildə dövrün reallıqlarına uyğun olaraq dəyişir. “Media haqqında” yeni qanun layihəsi də dövrün reallıqlarına uyğun olaraq işlənilib və beynəlxalq prinsiplərə tamemilə uyğundur. Bütün qanunların təhlilə ehtiyacı var. “Media haqqında” qanun da cəmiyyətin müzakirəsinə çıxarılıb, təhlil olunub, həmçinin Milli Məclisdə də geniş şəkildə müzakirə edilib. Ona görə də qanun layihəsinin mətni ilə tam tanış olmayan, layihənin mahiyyətini anlamayan bəzi şəxslərin dövlətin imicinə zərbə vurmağa çalışması, sözssüz ki, nəticəsiz qalacaq.
Missiya.Az