Ana səhifə > Diqqət mərkəzi / Redakor seçimi > Dünya ölkələrindən Türkiyəyə dəstək - Bu dövlətlər yardım təklif etdi - FOTO

Dünya ölkələrindən Türkiyəyə dəstək - Bu dövlətlər yardım təklif etdi - FOTO


2-08-2021, 16:00

Türkiyədə baş verən meşə yanğınları dünyanın gündəmini zəbt edib. 
 
Missiya.Az xəbər verir ki, ölkənin 3 vilayətində 7 meşə yanğını hələ də davam edir. Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, son 5 gündə 32 əyalətdə baş verən 119 yanğın nəzarət altına alınıb. 
 
Bildirilir ki, Antalyanın Gündoğmuş və Manavqat, Muğlanın Marmaris, Köyceğiz, Milas və Seydikemer bölgələrində və Tuncelidə meşə yanğınlarını söndürmək üçün havadan və qurudan müdaxilə davam edir. 

Muğlanın Milas bölgəsində Beyciler məhəlləsində meşəlik ərazidə başlayan yanğın qısa müddətdə yayılıb. Alovlar Çökertme, Bozolan, Fesleğen, Gökbel ve Türkevleri məhəllələrinə sıçrayıb. 

Mersinin Silifke bölgəsində isə 3 gün əvvəl başlayan meşə yanğınını nəzarətə almaq mümkün olub.

Türkiyədə yanğınların davam etdiyi zamanda bir neçə dövlət Ankaraya dəstək göstərəcəyini bəyan edib. Həmin ölkələr sırasında İspaniya, Xarvatiya, Qətər və Avropa İttifaqı var. Qeyd edilən ölkələr Türkiyəyə yanğınsöndürmə qrupu göndərəcəklərini elan ediblər. Artıq Qətərdən Türkiyəyə axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün xüsusi qrup gəlib.
 
Avropa İttifaqı komissiyasının yaydığı məlumatda bildirilir ki, Birlik Türkiyəyə Xarvatiyadan 1 “Canadair”, İspaniyadan isə 2 “Canadair” təyyarəsinin göndərilməsi üçün hərəkətə keçib. 

Avropa İttifaqı komissiyasının rəsmisi Janez Lenarcic Birliyin Türkiyəyə daha çox yardım etməyə hazır olduğunu açıqlayıb.    

Qeyd edək ki, yanğının baş verdiyi ilk günlərdə Türkiyəyə Azərbaycan, Ukrayna, İran və Rusiya yardım göndərib. 

Hazırda Ukraynanın iki AN-32P, Rusiyanın isə 11 yanğınsöndürmə təyyarəsi Türkiyədə yanğınla mübarizə aparır. İran da Türkiyəyə yanğınsöndürmə təyyarəsi göndərib.


Türkiyəyə ən böyük yanğınsöndürmə qrupu isə Azərbaycandan göndərilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 252 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Elvin
Missiya.Az

Geri qayıt