Ana səhifə > Gündəm > Almaniyalı alim Xocalı qətliamından yazıb

Almaniyalı alim Xocalı qətliamından yazıb


26-02-2021, 18:08


Alman alim Dr. Mixael Raynhard Hessin “nex24.news” onlayn xəbər portalında Xocalı qətliamından bəhs edən “Tarixin üç mənası” məqaləsi yayımlanıb. Məqalənin müəllifi Xocalı dəhşətlərini həm tarixçilərin, həm faciə qurbanlarının, həm də yazıçıların prizmasından təhlil edib. Müəllif 26 fevral 1992-ci ildə Xocalıda törədilənləri müharibə cinayəti kimi qiymətləndirib. İkinci Dünya müharibəsi və Srebrenitsadan sonra Avropanın ikinci ən dəhşətli genosidi adlandırıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dr. Hess Xocalı qətliamının dəhşətlərini “Müharibə uşaqları” kitabından tərcümələr verməklə bir daha inandırıcı formada oxucuların diqqətinə çatdırıb. Alim Xaçatur adlı erməni əsgərinin 13 yaşlı azərbaycanlı gənci diri-diri pəncərəyə mismarlamasını, digər üç uşağın, eləcə də hamilə ananın körpə övladının gözləri önündə öldürülərək itlərə yem edilməsini, gənc qızın üzərinə benzin tökülərək diri-diri yandırılmasını tam açıqlığı ilə təsvir edib. 

Alman müəllif Haaqa Beynəlxalq Məhkəməsinin müharibə cinayətlərində təqsirli bildiyi uqandalı hərbi komandan Dominik Onqvenlə Serj Sarkisyanın tutarlı müqayisəsini apararaq, bütün müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsinin hələ də gec olmadığını əsaslandırıb. 
Qeyd edək ki, Dr. Mixael Raynhard Hessin 2016-ci ilin aprel döyüşlərindən bir neçə ay sonra “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı Berlində alman dilində, 44 günlük müharibədən az əvvəl - 2020-ci ilin avqustunda isə “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” adlı kitabı Münhendə ingilis dilində nəşr edilib. 
Məqalə Avropadakı Azərbaycan diasporunun səyləri nəticəsində işıq üzü görüb.


Geri qayıt