Ana səhifə > Diqqət mərkəzi > Bayrağı qorumaq üçün Brus Li olmağa gərək yoxdur, cənab deputat - REPLİKA

Bayrağı qorumaq üçün Brus Li olmağa gərək yoxdur, cənab deputat - REPLİKA


5-08-2022, 17:09

Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim!

Deyəsən millət vəkili Razi Nurullayev xalq şairi Bəxtiyar Vahabzadənin bu sözlərlə ifadə etdiyi “Bayraq” anlayışını hələ dərk etməyib. Əgər dərk etsəydi dünən Böyük Britaniyadakı səfirliyimizdə baş vermiş hadisə ilə bağlı: “Qaçıb gizlənməyin özü də qəhrəmanlıqdır. Səfirlik işçiləri Herakl deyillər ki, terrorçularla əlbəyaxa döyüşə girsinlər” kimi şərh verməzdi.

Yenisabah.az-a hadisə ilə bağlı danışan Razi Nurullayev səfirlik işçilərinin tərəfini saxlayaraq, hadisə zamanı heç bir reaksiya verməmələrinin cəmiyyətdə rezonans doğurmasını düzgün hesab etmədiyini bildirib.

 ““Bəs səfirliyin işçiləri hara baxırdı?”, “Niyə müqavimət gəstərməyiblər?” kimi iradlar düzgün yanaşma deyil. Səfirlik işçiləri Brüs Li, Arnold Şvarsnegger, Silvester Stallone və ya Herakl deyillər ki, onlarla əlbəyaxa döyüşə girsinlər. Qaçıb gizlənməyin özü də qəhrəmanlıqdır. Onlar diplomatdırlar, pəhləvan deyillər. Vətəndaşlarımıza çağırış edirəm ki, diplomatlarımızı bu cür hədəfə almasınlar”  deyə millət vəkili vurğulayıb.

Razi Nurullayevin Azərbaycan xalqının 100 ilə yaxın müddətdir əsas dövlətçilik, millətçilik və mənəviyyat rəmzi hesab edilən, uğrunda qanlar tökülən bayrağımıza bu biganə münasibəti millətimiz üçün ən ağır təhqirdir. Bu sözlər heç bir halda xalqımızın öz qeyrət rəmzinə olan münasibətini əks etdirmir.

Deputat dövlət atributuna olan hörmətsizliyə hər bir vətəndaş tərəfindən cavab verilməli olduğunu unudub. Xalqımız hər zaman öz bayrağına yüksək sevgi və hörmətlə yanaşıb, onu ləkələyənləri isə cəzalandırıb. 

2004-cü ildə bayrağımızı təhqir edən ermənini tərəddüdsüz, ömürlük həbs cəzası almaq bahasına cəzalandıran xalqımızın qəhrəman oğlu polkovnik-leytenant Ramil Səfərovun bu cavabı xalqımızın bayrağa olan məhəbbətinin əsas təcəssümüdür.

Deməli bayrağı sevmək, onun şərəfini qorumaq üçün sadə vətəndaş olmaq kifayətdir, Herakl, Brus Li, Silvestre Stalone və ya hansısa bir idmançı yox. 

Teymur Aslanov
Missiya.Az




Geri qayıt