Ana səhifə > Gündəm > "Qazi adından sui-istifadə etməyə çalışanlara qarşı qanunla müvafiq tədbirlər görülməlidir" - Aydın Mirzəzadə

"Qazi adından sui-istifadə etməyə çalışanlara qarşı qanunla müvafiq tədbirlər görülməlidir" - Aydın Mirzəzadə


25-05-2022, 18:27

Məlumdur ki, dövlət 44 günlük Vətən Müharibəsindən sonra həm şəhid ailələri, həm də qazilərlə bağlı böyük sosial proqramlar həyata keçirir, müxtəlif fondların, qurumların vasitəsilə müvafiq kateqoriyadan olan şəxslərdən diqqətini əsirgəmir. Həmçinin şəhid ailələrinin üzvləri, müharibə əlliləri növbəlilik prinsipi əsasında mənzil və avtomobillərlə təmin olunur. Bir sözlə, dövlət şəhid ailələrinə, qazilərə hərtərəfli dəstəyini göstərir, onların sosial problemlərinin həllini diqqətdən kənarda qoymur. Amma bəzi şəxslər qazi adından istifadə etməyə çalışır, dövlətin həyata keçirdiyi proqramları gözdən salmaq istəyir. Həmçinin bəzi saxta qazilər haqqları olmayanı tələb edir, dövlət tərəfindən qazi statusu almadığı halda, imtiyazlar tələb edir. Özünü “qazi” adlandıranların cəmiyyətə göstərdiyi mənfi nümunələr ictimaiyyət nümayəndələri tərəfindən də qınanılır. 
 
Millət vəkili Aydın Mirzəzadə Missiya.Az-a açıqlamasında bildirib ki, hansısa şəxslərin qazi olmadığı halda bu statusu özünə götürmək istəməsi yolverilməzdir: 
 
“Dövlət təyin etmədiyi halda, özünü qazi adlandıranlara, bu addan sui-istifadə etməyə çalışanlara qarşı qanunla müvafiq tədbirlər görülməlidir.” 
 
Aydın Mirzəzadə bildirib ki, qazi adı hər bir azərbaycanlı üçün olduqca nüfuzlu, hörmətli statusdur.
 
“Bu nüfuzu ilk dəfə Azərbaycan dövləti, Prezidenti verib. Prezident İlham Əliyev dəfələrlə müharibə iştirakçılarına, şəhid ailələrinə dövlət qayğısından danışıb. Azərbaycanda müharibə iştirakçıları, şəhid ailələri həmişə hörmətli olacaqlar.”


Vətən Müharibəsində iştirak edən döyüşçülər də qazi adından istifadə edənləri sərt şəkildə qınayır və onları həqiqi qəhrəman döyüşçülərin haqqına girməkdə ittiham edirlər. 
 
Vətən Müharibəsi iştirakçısı Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı məktəbin hərbi müəllimi, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı, 44 günlük Vətən Müharibəsində bir gözünü itirmiş, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının və Füzulinin azad olunmasına görə” medalları ilə mükafatlandırılan Qədir Daşdəmirov Missiya.Az-a açıqlamasında bildirib ki, əlilliyin təyinatı, qazi adının verilməsi dövlətin müəyyən etdiyi qanunlar əsasında müəyyənləşdirilir. 
 
“Amma bəzi şəxslər qazi olmadığı halda özünü cəmiyyətə qazi kimi təqdim etməyə çalışır. Saxta qazilərə görə, biz əsl qazilərə də cəmiyyətdə münasibət dəyişir. Saxta qazilər dövlətin və cəmiyyətin həmin kateqoriyadan olan hissəsinə həssas yanaşmasından istifadə edərək, özünə imtiyazlar əldə etmək istəyir.”


Qədir Daşdəmirov saxta qazilərlə mübarizə aparmağın formasını da təklif edib. 
 
“Qazi adından yalandan istifadə edənlər var, əlbəttə ki, bu, doğru deyil. Kimin müharibədə iştirak etdiyini, necə döyüşdüyünü hər kəs yaxşı bilir. Müvafiq dövlət qurumları özünü qazi kimi təqdim edən şəxsləri araşdırmalıdır. Bu zaman əsl həqiqət üzə çıxacaq, saxtakarlar ifşa olunacaq. Ümid edirəm ki, həm ictimaiyyət, həm də dövlətimiz həmin şəxslərlə bağlı lazımi tədbir görəcək.”

Elvin Məmmədov
Missiya.Az

Geri qayıt