b_550_325_16777215_00_images_xeber_sekilleri_1iyul2016_bogmaq.jpg

39 yaşlı qadını boğaraq öldürməkdə təqsirləndirilən Fəhmin Etibar oğlu Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmdən əvvəl təqsirləndirilən şəxsə son söz verilib. O, törətdiyi heç bir əmələ görə peşman olmadığını deyib. Məhkəmənin hökmü ilə F.Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il iş istəmişdi.

Bildirək ki, təqsirləndirilən F.Qədimov ibtidai istintaqa ifadəsində qətli törətdiyini etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü təqsirli bilmədiyini demişdi. O, mərhumla hadisədən 3 gün əvvəl tanış olduğunu, onunla telefon danışıqları olsa da, onu öldürmədiyini söyləyib.

Məhkəmə zamanı məlum olub ki, F.Qədimov münasibətdə olduğu Sədaqət Əsgərovanı əmlakını ələ keçirmək məqsədi ilə öldürüb.

Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətlər olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.

Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

F.Qədimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 326.2, 181.1.3, 120.2.11-ci maddələri ilə ittiham olunur.