b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n11.jpg

Dünya idman ictimaiyyətinin diqqəti növbəti dəfə Azərbaycana yönəlir. Sentyabrın 20-də Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək.

Belə bir mötəbər turnirin təşkilinin Azərbaycana həvalə edilməsi təsadüfi deyil. Bu, Azərbaycanın idman ölkəsi olmasının, bundan əvvəl bir neçə yarışı yüksək səviyyədə təşkil etməsinin bütün dünya tərəfindən qəbul edildiyini göstərir.

Bu sözlərimizi Bakı-2015 İlk Avropa Oyunları, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, 2016-cı il Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatı, Formula-1 Azərbaycan Qran priləri və digər beynəlxalq turnirlərin ən yüksək səviyyədə təşkili də təsdiq edir. Bu da təsadüfi deyil ki, 2019-cu ildə UEFA Avropa Liqasının final matçı, Avro-2020-nin bir neçə qrup oyunu və 1/4 final matçı Bakıya həvalə olunub. Və heç şübhəsiz ki, Bakı cüdo üzrə dünya çempionatına da mükəmməl şəkildə ev sahibliyi edəcək.

Cüdonun Azərbaycanda 3 ən sevilən idman növündən biri olduğunu desək, yanılmarıq. Ölkəmizdə hər zaman cüdoya böyük maraq olub və Azərbaycan bayrağı beynəlxalq cüdo yarışlarında dəfələrlə yüksəklərə qaldırılıb, dövlət himnimiz səsləndirilib.
Bəli, Azərbaycan cüdoçuları beynəlxalq yarışlarda dəfələrlə uğur qazanıblar. Məsələn, hələ sovet dövründə, 1978-ci ildə Fərhad Rəcəbli Macarıstanda keçirilmiş gənclər arasında Avropa birinciliyində III yerə layiq görülməklə Azərbaycan cüdoçuları arasında ilk dəfə olaraq Avropa miqyaslı yarışlarda medal qazandı. 1992-ci ildə Nazim Hüseynov Barselona Yay Olimpiya Oyunlarının qızıl medalını əldə etdi. Bu, cüdo idman növündə qazandığımız ilk böyük nailiyyət idi. 2008-ci il Pekin Yay Olimpiya oyunlarında Elnur Məmmədli bütün görüşlərdə ipponla qalib gələrək birinci yeri tutmaqla tarix yazdı. Həmin turnirdə daha bir idmançımız – Mövlud Mirəliyev bürünc medala sahib olmuşdu. Bundan başqa, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Rüstəm Orucov və Elmar Qasımov ikinci oldular.

Nailiyyətlərimiz bununla bitmir. Müxtəlif illərdə Elxan Məmmədov dünya çempionu, Nazim Hüseynov, Elnur Məmmədli, Elçin İsmayılov və Rüstəm Orucov Avropa çempionu adını qazanıblar. Həmçinin cüdoçularımızın IV İslam Oyunlarında 11 qızıl medal əldə etdiyini vurğulamaq lazımdır. Uğurlardan söz açmışkən, Azərbaycan paralimpiyaçısı, ikiqat Paralimpiya Oyunları çempionu (2004, 2008), cüdo üzrə ikiqat dünya çempionu (2007, 2010) və 7 qat Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015, 2017), I Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar idman ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili İlham Zəkiyevi xatırlamasaq olmaz.

Bu məqamda qeyd etmək yerinə düşər ki, 2015-ci ildə Rövnəq Abdullayevin Azərbaycan Cüdo Federasiyasının sədri seçilməsindən sonra ölkəmizdə bu idman növü daha da inkişaf edib və qarşıdakı yarışda, eləcə də digər mötəbər turnirlərdə böyük nəticələr əldə edəcəyimiz şübhə doğurmur.

Bakıda keçiriləcək dünya çempionatını maraqlı edəcək məqamlardan biri də bu turnirin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsidir. Belə ki, kişi və qadınların yarışacağı 7 çəki dərəcəsinin hər biri üzrə dünya çempionu 20 min, vitse-çempion 1400, bürünc mükafatçılar isə min reytinq xalı qazanacaqlar. Mükafatlara gəldikdə, 800 min avro mükafat fondu olan yarışda qızıl medalın sahibləri 20 800 avroya sahib olacaqlar. Qaliblərin məşqçilərinə isə 5200 avro ödəniləcək. İkinci yer üçün 15 min avro (12 min avro cüdoçu, 3 min avro şəxsi məşqçi), bürünc medalçı üçün isə 8 min avro (6400 avro cüdoçu, 1600 avro məşqçi) mükafat nəzərdə tutulub. Bütün bu sadalananlar mübarizəni daha da qızğın edəcək.

Milli Gimnastika Arenasında sentyabrın 20-dən etibarən bir həftə davam edəcək bu qızğın mübarizəyə 5 qitədən 73 ölkənin 438 idmançısı - 273 kişi və 165 qadın cüdoçusu qatılacaq. Çempionat həm fərdi, həm də ilk dəfə olaraq qarışıq komanda formasında təşkil olunacaq.

Sonda cüdo haqqında qısa tarixi arayış. Nəzakət, cəsarət, səmimiyyət, dürüstlük, təvazökarlıq, təmkinlik və başqalarına hörmət tələb edən cüdo geniş coğrafiyanı əhatə edən idman növüdür. 1882-ci ildə Yaponiyanın paytaxtı Tokioda yerləşən Eysedzi buddist məbədində 21 yaşlı Ciqaro Kanonun “Kodokan” adlı məktəbin təməlini qoyması ilə cüdo bütün dünyaya yayılır. 1951-ci ilin iyulunda Beynəlxalq Cüdo Federasiyasının (IJF) təsis edilməsindən sonra bu idman növü daha da populyarlaşır. Hazırda 178 ölkə qurumun üzvüdür. Kütləviliyinə görə yalnız futboldan geri qalan cüdo ilə dünyada 20 milyondan çox insan məşğul olur.

11 Dekabr 2019 Ançelotti istefaya göndərildi
19 Noyabr 2019 İtaliyanın Ermənistana 9 qol vurduğu oyununun - VİDEOSU
08 Noyabr 2019 "Qarabağ" Kiprdə APOEL-ə uduzub
04 Noyabr 2019 APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
22 Oktyabr 2019 Formula-1 Azərbaycan Qran Prisinin biletləri satışda - Endirimlə 710 AZN
14 Oktyabr 2019 Hollandiyalı hakim Azərbaycandan üzr istəyib
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”
21 Avqust 2019 "Barselona" PSJ ilə razılığa gəldi
15 Avqust 2019 “Barselona” Neymar üçün yeni təklif göndərib
14 Avqust 2019 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05 Avqust 2019 Həmyerlimiz beynəlxalq yarışda çempion oldu - Qızı medal - VİDEO
03 Avqust 2019 "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO
12 İyun 2019 Rövnəq Abdullayev təcili iclas keçirdi
03 İyun 2019 İbrahimoviçdən daha bir qayçıvari qol - VİDEO
30 May 2019 “Çelsi” Bakıda Avropa Liqasının qalibi oldu - VİDEO